“Azərbaycan İranla münasibətlərin pisləşməsi səbəbini dəfələrlə dilə gətirib. Bu rəsmi Tehranın Bakıya qarşı yürütdüyü siyasət, Azərbaycana qarşı dezinformasiyaların yayılması, regionda sülh və sabitliyin bərqərar olması ilə bağlı atdığımız addımlara birtərəfli mövqe sərgiləməsindən qaynaqlanır”.
Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın Azərbaycana səfərindən sonra rəsmi Bakının İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş tutan terror aktı diplomatik nümayəndəliyimizin fəaliyyətinin dayandırılmasında son damla oldu:
“Terror aktı göstərdi ki, burada fəaliyyət göstərən əməkdaşların həyatı təhlükə altındadır. Onların həyatına sui-qəsdin edilməməsi ilə bağlı əlimizdə zəmanət yoxdur. Terror hadisənin törədilməsi Azərbaycanda ciddi narahatlığa səbəb olub. Bu ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının nazirlərinin Bakıda keçirilən iclası zamanı İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian bir sıra müsbət fikirlər səsləndirdi. Azərbaycanın terror cinayəti ilə bağlı haqlı mövqeyinə də münasibət bildirdi ki, həmin şəxs və bu terrorun arxasında duranlar məsuliyyətə cəlb ediləcək”.
Politoloq qarşı tərəfin Azərbaycana doğru atdığı addımları da dəyərləndirmək lazım olduğunu bildirib:” İranın Azərbaycana doğru atmalı olduğu bir sıra addımlar var. Azərbaycanın xalqının, dövlətinin bir sıra haqlı sualları var. Zəngəzur dəhlizi ilə İrandan keçəcək maneəsiz yolla bağlı Azərbaycanın İranla razılaşmaya gəlməsi və onun təməlinin qoyulması da əslində rəsmi Bakının Tehrana doğru atdığı addım idi. İran hakimiyyəti və ermənipərəst qüvvələr bunu ciddi şəkildə dəyərləndirməlidir. Bizi maraqlandıran isə İran hakimiyyəti və xalqının hazırkı mövqeyidir”.
X.Bəşirovun fikrincə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı dövlət adından səmimi peşmançılıq, cinayət törətmiş şəxsin və onun arxasında duranların məsuliyyətə cəlb edilməsi, eyni zamanda bu kimi halın bir daha baş tutmayacağı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi baş tutduqdan sonra Azərbaycanın İranda səfirliyinin fəaliyyətə başlaması istisna olunmur.
//Safura Bənnayeva, Editor.az

