Azərbaycanın siyasi mühiti və beynəlxalq arenada mövqeyi Prezident İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun rəhbərliyi altında ölkə həm daxili sabitliyi, həm də xarici siyasətdə çevik və balanslaşdırılmış strategiyanı qoruyub saxlayır. İlham Əliyevin liderliyi yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda milli maraqların qlobal səviyyədə müdafiəsi baxımından da diqqətəlayiqdir. Bu kontekstdə Prezidentin doğum günü, təkcə fərdi bayram deyil, həm də Azərbaycanın uğurlarının, beynəlxalq nüfuzunun və diplomatik strategiyasının təcəssümü kimi dəyərləndirilir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a bildirib ki, Prezident İlham Əliyevin fəaliyyətinə obyektiv qiymət vermək üçün dərin elmi və sistemli fəlsəfi təhlil tələb olunur:

“İlham Əliyev şəxsiyyətini, onun Azərbaycan xalqı və dövləti, eyni zamanda bəşəriyyət qarşısındakı xidmətlərini sadalamaq üçün uzun zamana ehtiyac var.
Mənim düşüncəmə görə, cənab Prezident ilk növbədə, mümkün olmayanları, mümkün etməyi bacaran, kiçik bir ölkəni beynəlxalq münasibətlər sistemində aktiv aktora çevirən, böyük bir Liderdir. Böyük güclərin yeni dünya nizamı qurmağa çalışdıqları mürəkkəb, beynəlxalq hüququn deyil, gücün prioritet olduğu hazırki qarışıq dönəmdə, dövlət maraqlarımızı, bu güclərin maraqları ilə ustalıqla uzlaşdırmağı bacaran, milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edən Liderdir.
Dövlət maraqlarımızın qlobal güclərin maraqları ilə toqquşduğu kritik məqamlarda, qətiyyətli siyasi Lider kimi geri çəkilməyərək sərt mövqe nümayiş etdirən, Azərbaycanla gücün, təzyiqin, şantajın dili ilə danışmağın keçərli olmadığını sübut edən, ali səviyyəli diplomatdır.
Dünyanın əsas güc və beyin mərkəzləri və qlobal siyasəti yönləndirən ABŞ, Çin, digər dövlət başçılar ilə, dostluq münasibətləri qurmağı bacaran, onların rəğbətini qazanması, cənab Prezidentin diplomatik məharətinin göstəricisidir. Torpaqlarını işğaldan azad edən ölkənin qalib dövlət Başçısı statusu, eyni zamanda müstəqil, tərəfsiz siyasət aparması, Prezident İlham Əliyevə dünya çapında kifayət qədər siyasi divident, nüfuz qazandırmışdır. Bunun nəticəsidir ki, xarici səfərlərdə, bütün beynəlxalq tədbirlərdə dövlət Başçımız təntənəli qarşılanır, təklif və fikirlərinə ciddi yanaşılır, proseslərin episentrində yer alır. Bütün bunlar harada yaşamağından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaşadır. Xalqımız öz Lideri ilə fəxr edir.
Yeri gəlmişkən, cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm can sağlığı, şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram”.
//Gülnarə Abasova, Editor.az

