Azərbaycanın xarici siyasət uğurları: İstər hərbi, istərsə də diplomatik cəbhələrdə vəziyyət sürətlə dəyişirbackend

Azərbaycanın xarici siyasət uğurları: İstər hərbi, istərsə də diplomatik cəbhələrdə vəziyyət sürətlə dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

“Bəzən gərginliklər ən pik həddə çatsa belə ənənəvi rəqabət, dəyişməz görünən sistem 24 fevral 2022-ci il tarixindən etibarən ən güclü şəkildə silkələndi. Sözsüz ki, bu özünü geosiyasətdə də  göstərdi. Tektonik plitələrin şiddəti nəticəsində baş verən dəyişikliyin ortaya çıxardığı mənzərədir ki, xarici, ikiqütblü rəqabətin əksi dərhal özünü daxildə büruzə verirsə, bu, bəzən də əksinə olur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, ənənəvi sayılan güclü aktorların əzələ nümayişi nəinki region aktorlarına, onların xarici siyasətlərinə, bu siyasəti uzlaşdırmaq cəhdlərinə, hətta daxili siyasətlərinə, birbaşa cəmiyyətlərinə də təsir edir:

“Bu, bəzən görünən, bəzənsə görünməz detallarda, sətiraltı mənalarda gizlənir. Burada qızıl qayda varsa, əsas bir qırmızı xətt mövcuddur ki o da şəksiz və şübhəsiz Azərbaycan dövlətinin onurğa sütunu olan təhlükəsizlik sisteminin birmənalı olaraq güclü saxlanılması, Azərbaycan qanunlarının aliliyini şübhə altına salmağa cəhd belə göstərən səyləri elə yuvasındaca boğmaqdır. Hakimiyyətə, iqtidara təzyiq etmək, ya da öz “məzhəblərinə” görə küsmək, şantaj etmək kimi cəhdlərə yol belə vermək olmaz. Bura siyasət meydanıdır. İdeallara belə sadiqlik varsa, tək də döyüşə bilərsən. Söhbət guya hansısa işin qulpundan tuturmuş kimi görüntü yaratmağa, siyasi mənzərədə hökmranlıq etməyə çalışan müxtəlif fraksiyalardan gedir. Qərb mənbələri bu dəqiqə belə bir ifadə ilə məşğuldur: “Rusiya Federasiyasının əsassız olaraq Cənubi Qafqaz kimi öz təsir dairəsinin bir hissəsi hesab etdiyi ərazilər”. Burada hansısa həqiqət ehtiva olunsa belə əsaslı diskussiyaya açıq bir neçə məqam var. Əsas məqam odur ki, Cənubi Qafqazda yerləşən Azərbaycan dövləti müstəqilliyini çoxdan elan edib, hələ üstəlik sadəcə bu amili deyil, ərazi bütövlüyünü də bərpa edib, öz  gücü, insan kapitalı hesabına. Bizim əsas istinad nöqtəmiz beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı, dəyişilməzliyi, ərazi bütövlüyü məsələsidir. İşğaldan əziyyət çəkən xalqın yaratdığı dövlət öz torpağını hələ minadan təmizləməyə güc və enerji sərf edir ki, qurmaq prosesinə də tam keçə bilsin. Bunu isə bağırararaq, bir tərəfə xox gəlib, digər tərəfə xof göstərməklə deyil, ustalıqla etmək, edə bilmək lazımdır. Çünki piramidanın başında elə bir amil dayanır ki, onun hər hansı bir boşluğa yol verməsi nəticəsində alt qatlar da uça, tamamilə çökə bilər. Bunun ki, fərqli məkanlar və fərdlər üzərindən şahidiyik”.

Ş. Həsənovanın sözlərinə görə, əsas fundament Ümumilli Lider Heydər Əliyev idealları, dövlətçiliyimizdir ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev məhz bu amili əsas götürməklə stabilliyimizi, təhlükəsizliyimizi, rifahımızı təmin edir, bütün regiona yıxıcı deyil, qurucu amilləri siraət etdirir:

“Bax, yuxarıda deyilən ən əsaslı məqam, arqument də məhz budur. Bütövlükdə, regionda sabitliyə xələl gətirməyə çalışılan məsələlərin qarşısında Azərbaycan dövlətinin yürütdüyü siyasət sipər kimi dayanır. Azərbaycana qarşı isə təzyiq var, bəzi qərəzli hesabatların  yenə də, hələ də şahidiyik. Bu gün nəinki xarici ölkələrdəki diplomatik təmsilçiliklər, cəmiyyətin də üzərinə böyük yük düşür. Hər şeyi dövlətdən gözləmək olmaz. İnsanlarımız şüurlu olmalıdır, hər bir təxribata sayıq yanaşmalı, heç bir kənar qüvvəyə rəvac verməməli, dövlət başçımızın ətrafında hər keçən gün daha da sıx birləşməliyik.
Qüvvələr arasında güc proqnozunun etibarı hətta azalsa da, təsir dairəsində geosiyasi boşluğun və qeyri-müəyyənliyin yaradılmasına cəhd edilsə də, hətta bəzən müəyyən yerlərdə rıçaqlardan optimal istifadə edilib buna nail olunsa belə ənənəviliyin qaldığının şahidiyik.
İstər hərbi, istərsə də diplomatik cəbhələrdə vəziyyət sürətlə dəyişir. Əsas məqam bu dəyişikliyə münasibətdə nəinki çevik davranmaq, habelə proaktiv yanaşma ortaya qoymaqdır. Regionda təsir rıçaqları üzərində ciddi mübarizə gedir. Bu sadəcə maddi və konkret deyil, qeyri-maddi, insan və abstrakt resurslar üzərindən də aparılır. Bu rəqabətə müvəqqəti monitorluq potensialı, tərəflərin artan-azalan geosiyasi ambisiyası mövcud olsa da, dəyişiklik etmək qabiliyyətini kənarda nisbətən təvazökar saxlayan güclər də var”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a bildirib ki, Azərbaycanın xarici siyasət uğurları müəyyənləşdirdiyi strateji diplomatiya ilə əlaqədardır:

“Çünki hal-hazırda beynəlxalq münasibətlərdə təkcə dövlətlər deyil, eyni zamanda, beynəlxalq təşkilatlar da öz maraqlarından çıxış edərək həm ictimai rəydə, həm də yeni dünya nizamında özlərinin leyhinə şərtlər formalaşdırmağa çalışır. Beynəlxalq münasibətlər sisteminin fəlsəfəsi rəqabətə söykənərək diplomatiya vasitəsilə öz leyhinə daha yaxşı şərtlər təmin etməkdir. Mürəkkəb beynəlxalq şərtlər çərçivəsində həm hərbi, diplomatik sahədə müharibə aparmaq, həm də yaranmış yeni reallıqları diplomatik, siyasi müstəvidə  bütün dünyaya qəbul etdirmək çox çətin bir vəzifədir. Çətin beynəlxalq mövcud şərtlər çərçivəsində Azərbaycan bunun öhdəsindən gəldi. Ona görə də şübhəsiz ki, bu prosesdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mühüm funksiyalar və vəzifələri yerinə yetirdi. Əlbəttə ki, bu istiqamətdə Azərbaycanın ayrı-ayrı ölkələrində olan səfirliklərindən, diplomatlarımızın səylərindən, onların fəaliyyətlərindən çox şey aslıdır. Hesab edirəm ki, bu ümummilli vəzifənin öhdəsindən milli diplomatiyamız layiqincə gəlməyi bacardı. Xarici siyasət kontekstində hər bir ölkənin milli gücü, beyni onun milli diplomatiyası hesab olunur. Ona görə də əldə etdiyimiz bu qədər uğurlar fonunda Azərbaycanın xarici siyasətini yüksək qiymətləndirməliyik. Azərbaycan Respublikası XİN başda olmaqla, digər bütün diplomatik kontingentimiz də qaneedici fəaliyyət göstərir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.