Azərbaycanın yeni regional platforması: Daşkənd səfəri geosiyasi balansı dəyişirbackend

Azərbaycanın yeni regional platforması: Daşkənd səfəri geosiyasi balansı dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geosiyasi dinamikanın sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan regionlararası əməkdaşlıq xəritəsini yenidən formalaşdıran strateji addımlar atır. Prezident İlham Əliyevin Daşkəndə səfəri və səfərin nəticəsi olaraq yeni siyasi platformaların işə düşməsi, xüsusən də “Mərkəzi Asiya (C5)+Azərbaycan” formatının yaradılması, ölkəmizin regional güc mərkəzləri ilə münasibətlərini daha yüksək mərhələyə keçirən mühüm hadisə kimi qiymətləndirilir. Bu təşəbbüs yalnız ikitərəfli əlaqələrin dərinləşməsini deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni inteqrasiya modellərinin formalaşmasını stimullaşdırır.

 

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış razılaşmalar və xüsusən də “Mərkəzi Asiya (C5)+Azərbaycan” formatının yaradılması strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, bu təşəbbüs təkcə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşməsinə yox, həm də Cənubi Qafqaz–Mərkəzi Asiya xəttində yeni siyasi və iqtisadi körpülərin formalaşmasına xidmət edir:

“Birinci ona görə vacibdir ki, bundan sonra Cənubi Qafqazla Mərkəzi Asiya ölkələri arasında inteqrasiya prosesi daha da sürətlənəcək. İkincisi, Mərkəzi Asiya dövlətlərinin əksəriyyətinin türkdilli olması bu platformanın türk dünyasının inkişafına əlavə stimul verəcəyini göstərir. Üçüncüsü, həm Azərbaycan, həm də regionun bir çox ölkəsi keçmiş Sovet İttifaqının tərkibində olub və belə bir format postsovet məkanında qalan köhnə təsirlərdən azadlaşma prosesini gücləndirəcək. Dördüncüsü isə beynəlxalq arenada davam edən geosiyasi gərginlik fonunda bu model təhlükəsizlik, iqtisadi əməkdaşlıq və inteqrasiya kimi istiqamətlərdə yeni imkanlar yaradacaq. Bütün bunları nəzərə alaraq, bu təşəbbüsü Azərbaycanın növbəti diplomatik uğuru hesab edirəm”.

Ekspert əlavə edib ki, yaranmış yeni əməkdaşlıq formatı Rusiyanın narazılığına səbəb ola bilər:

“Yaxın dövrdə Rusiyanın türkdilli ölkələrə, o cümlədən Azərbaycana müxtəlif formalarda təzyiq göstərməsi mümkündür”.

//Gülnarə Abasova, Editor.az