“Azərbaycanla əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin iqtisadi təhlükəsizliyini gücləndirir”-Millət vəkilibackend

“Azərbaycanla əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin iqtisadi təhlükəsizliyini gücləndirir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı son illərdə həm siyasi, həm də iqtisadi xətt üzrə yeni mərhələyə qədəm qoyub. Regionda baş verən geosiyasi dəyişikliklər, Qərb və Şərq arasında artan rəqabət, nəqliyyat-kommunikasiya dəhlizlərinin qlobal güclər üçün xüsusi əhəmiyyət kəsb etməsi Azərbaycanın oynadığı rolu daha da gücləndirib. Prezident İlham Əliyevin Özbəkistana son səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının artıq tamhüquqlu üzv kimi iştirak etməsi, Bakının regionun əsas strateji oyunçularından birinə çevrildiyini göstərən mühüm siyasi siqnaldır. Bu proses həm diplomatik, həm iqtisadi, həm də geostrateji baxımdan ölkəmiz üçün yeni imkanlar açır.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfərinin məqsədi Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək idi. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti daha əvvəl Qazaxıstan və Tacikistanda keçirilən analoji görüşlərə həmin ölkələrin dövlət başçılarının dəvəti ilə müşahidəçi qismində qatılıb:

“Lakin Daşkənddə keçirilən son Məşvərət Görüşü Azərbaycanın Təşkilata tam hüquqlu üzv seçilməsi ilə əlamətdar olub və bu qərar ölkəmizin diplomatik uğurlarının növbəti nümunəsidir. Mərkəzi Asiya regionu ilə Azərbaycanı tarixi, dini, mədəni və mənəvi bağlar birləşdirir. Azərbaycan həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz regionlarını birləşdirən mühüm coğrafi körpü rolunu oynayır və Avropaya çıxış üçün strateji əhəmiyyət daşıyır”.

Deputatın fikrincə, son dövrlərdə Qərb dövlətlərinin Mərkəzi Asiyanın təbii sərvətlərinə marağının artması regionun geosiyasi çəkisini yüksəldib:

“ABŞ–Mərkəzi Asiya və Avropa İttifaqı–Mərkəzi Asiya formatlarında keçirilən görüşlərdə qarşılıqlı sərmayələr və birgə iqtisadi layihələr üzrə razılıqlar əldə olunub. Bu layihələrin icrası isə birbaşa Azərbaycanın nəqliyyat-logistika potensialından asılıdır. İqtisadiyyatları əsasən Rusiya və Çinlə bağlı olan Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxış qazanması həyati əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlıq həmin ölkələrin iqtisadiyyatının şaxələndirilməsi və ənənəvi marşrutlardan asılılığın azalması baxımından xüsusi rol oynayır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi, geosiyasi və geoiqtisadi əhəmiyyətli məkandır”.

“Ölkəmizdə yaradılmış nəqliyyat-kommunikasiya və logistika infrastrukturu ildə milyonlarla ton yükün müxtəlif istiqamətlərə daşınmasına imkan verir. Mərkəzi Asiya dövlətlərinin hər biri ilə Azərbaycanın yüksək səviyyəli siyasi əlaqələri gələcəkdə iqtisadi və ticarət əməkdaşlığının daha da genişlənməsinə ciddi töhfə verəcək”, – deputat vurğulayıb.

// Gülnarə Abasova, Editor.az