“Azərbaycanla Ermənistan arasında çərçivə sənədinin paraflanması yaxın zamanlarda baş tuta bilər”- Azər Badamovbackend

“Azərbaycanla Ermənistan arasında çərçivə sənədinin paraflanması yaxın zamanlarda baş tuta bilər”- Azər Badamov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb Azərbaycanla Ermənistan arasında sülh danışıqların aparılmasına vasitəçilik etmək təklifini səsləndirməklə Cənubi Qafqazda maraqlarını ifadə etməyə çalışır. Rusiya isə Nikol Paşinyan hakimiyyətinin qərbyönümlü siyasətindən sonra Qərbin təkliflərinə ciddi reaksiya vermir. Amma bununla yanaşı Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini və töhfə verməyə həmişə sadiq olduğunu bildirir. Bu, Cənubi Qafqazın Qərblə Rusiya arasında maraq məkanı olduğunu bir daha göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün tərəflərə təkliflər üçün təşəkkür edir və Ermənistanla sülh danışıqların aparılmasında vasitəçisiz, birbaşa ikitərəfli platformada keçirilməsinə üstünlük verir:

“Məhz ona görə də son vaxtlar iki ölkə arasında aparılan danışıqlar nəticə yönümlü və uğurlu olub. Bu gün Azərbaycanla Ermənistan arasında rabitə kanalları işlək vəziyyətə gəlmişdir. Müvafiq kommissiyalar ikitərəfli görüşlər keçirir və sənədlər razılaşdırılır. Azərbaycan mövqeyində qətidir və Ermənistandan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarını çıxartmağı tələb edir. Bununla yanaşı danışıqlar müstəvisində əldə olunmuş razılaşmaların parfalanmasını da təklif edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında çərçivə sənədinin paraflanması yaxın zamanlarda baş tuta bilər. Amma danışıqların yekun sənədi ölkələrin bir-birinə ərazi iddiaları əks olunmadan bərabər hüquqlu və qarşılıqlı marağa əsaslanmış sülh münasibətlərin rəsmiləşdirilməsi ilə yekunlaşmalıdır. Cənubi Qafqazda söz sahibi də kənar güclər yox, biz özümüz olmalıyıq”.

//Gülnarə Abasova, Editor.az