“Azərbaycan və İraq arasındakı münasibətlər 1990-cı illərin əvvəllərinə dayanır”.
Bu sözləri Editor.az-a Azərbaycan-İraq münasibətləri ilə bağlı danışarkən millət vəkili Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, İraq da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir:
“Bir neçə gün öncə İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu.
Azərbaycan 2016-cı ildə İraqda səfirliyini açıb və iki ölkə arasındakı münasibətlər genişləndirilib. İraq Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı bir çox mühüm məqamlara toxunulub, müqavilələr imzalandı.
Qeyd etmək lazımdır ki, hər iki ölkə son illərdə sürətlə inkişaf edir və bizi birləşdirən dəyərlər mövcuddur. İraq da yerləşdiyi coğrafi ərazidə neftlə zənginliyi, ərazisində illərlə davam edən münaqişələr və son zamanlar stabilliyin yaranması da bu qəbildən olan məsələlərdən hesab oluna bilər.
Görüş zamanı Prezident İlham Əliyev İraq prezidentinin Ermənistana səfər edəcəyini bilərək Azərbaycan-Ermənistan münaqişəsinin səbəblərini geniş şəkildə İraq prezidentinə çatdırıb və hazırda Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb.
Ümumilikdə isə İraq prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinə müsbət təsirini göstərəcək”.
//Səbinə Hüseynli, Editor.az

