Ruben Vardanyan Xankəndidə mitinqdə çıxışı zamanı bildirib ki, “Bizim üç yolumuz var: Azərbaycana inteqrasiya etmək, çıxmaq və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam”.
Məsələni Editor.az-a şərh edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, Ruben Vardanyanın Xankəndi mitinqində söylədiyi fikirlər yeni deyil: “Neçə illərdir ki, erməni siyasətçiləri nəinki həmin fikirləri səsləndirirlər, hətta bu istiqamətdə fəaliyyət də göstərirdilər.
Nəticə də göz qabağındadır. Bundan əvvəlki mitinqlərdə də bu fikirləri dinləyənlər indi dünyanın müxtəlif bölgələrinə yayılıblar. Ruben Vardanyan “döyüşməyə hazıram” deyəndə Azərbaycanla müharibə etməyi nəzərdə tutmur. O, yaxşı başa düşür ki, ermənilərin Azərbaycanla müharibə etmək gücü yoxdur. Azərbaycan ordusunun iradəsi, əzmi, gücü erməni əsgərləri ilə müqayisə edilməz olduğunu göstərir.
Bu cür mitinqlər daha əvvəl də təşkil edilib. Bunların nə formada təşkil edildiyi də hərkəsə məlumdur. Bunların Azərbaycana heç bir təsiri yoxdur. İnsanları hədə-qorxu ilə mitinqlərə cəlb etmək ermənilərin xislətini göstərən amillərdəndir. Azərbaycan və rəhbərliyi Qarabağ üzərində suverenliyini təmin etmək üçün məqsədyönlü şəkildə fəaliyyət göstərir və yaxın müddətdə bütün ərazilərimizdə bu istəklərimizə nail olacağıq.
Azərbaycanın qanunlarına tabe olub yaşamaq istəyən ermənilər normal yaşamağın necə olduğunu görəcəklər. Ruben Vardanyan və bənzərləri Qarabağda müvəqqətidir. Onlar ya Qarabağı qaçıb tərk edəcəklər, ya da layiq olduqları cəzanı alacaqlar”.
//Safura Bənnayeva, Editor.az

