Azərbaycanla Qətər arasında Biznes görüşü keçirilibbackend

Azərbaycanla Qətər arasında Biznes görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin 2 mart tarixində Azərbaycan Respublikası və Qətər Dövlətinin işgüzar dairələri arasında videokonfrans formatında Biznes Görüşü təşkil olunmuşdur. Tədbirin təşkilatçıları qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin Ticarət Palatası (Qatar Chamber) çıxış etmişlər.

Editor.az xəbər verir ki, rəsmi nümayəndə heyətlərinin üzvləri öz çıxışlarında iki ölkə arasında ikitərəfli iqtisadi-ticarət əlaqələri üçün geniş potensialın olduğunu qeyd edərək mövcud imkanlardan daha fəal istifadə etməyə maraqlarını ifadə etmişlər. Bu xüsusda, ticarət, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, turizm, informasiya və kommunikasiya texnologiyaları, bərpa olunan enerji və bir sıra digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün cəlbedici imkan və perspektivin olduğu bildirilmişdir.
Azərbaycanın Qətərdəki Səfiri cənab Rəşad İsmayılov tədbir iştirakçılarına müraciətində iki ölkə arasında digər sahələrlə yanaşı iqtisadi və ticarət əməkdaşlığının da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycan və Qətərin biznes dairələri üçün qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin təşviq edilməsinə öz töhfəsini verməyə Səfirliyin hazır olduğu bildirilmişdir.
Toplantıda AZPROMO və Qətərin İnvestisiyaların Təşviqi Fondu (IPAQ) təmsil etdikləri ölkələrdə investisiya imkanları barədə ətraflı təqdimatlarla çıxış etmişlər.
Görüşün davamında, müxtəlif sahələr üzrə birbaşa əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətində olan Azərbaycan və Qətərin şirkət və iş adamları üçün müvafiq şərait yaradılmışdır.

Loading...