Azərbaycanla Rusiya arasında yeni cəbhə: Zəngəzur dəhlizi gərginliyin mərkəzindəbackend

Azərbaycanla Rusiya arasında yeni cəbhə: Zəngəzur dəhlizi gərginliyin mərkəzində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya–Azərbaycan münasibətlərində son günlər müşahidə olunan gərginlik artıq diplomatik çərçivədən çıxaraq daha geniş geosiyasi müstəviyə keçib. Bu gərginliyin fonunda Zəngəzur dəhlizi məsələsi, xüsusilə də Ermənistan-Türkiyə xətti üzrə yeni regional razılaşma iddiaları diqqət mərkəzinə düşüb.

Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, hadisələrin gedişindən də görünürdü ki, tərəflər bu qarşıdurmaya hazır idi:

“Görünən odur ki, pərdə arxasında gərginliyin mənbəyinin nədən qsynaqlandığı Azərbaycan və Rusiyaya bəllidir. Ona görə də hər iki tərəf bu şəkildə aqressiv və demonstrativ xarakterli tədbirlərə əl atıblar.
Zəngəzur dəhlizi məsələsində Rusiyanın kənarda saxlanılması məsələsi ciddi geosiyasi hadisə yaradır. Bu, ilk növbədə Rusiyanın beynəlxalq dəhlizdən kənarda saxlanılması, sonra isə Rusiyanın şovinist və imperativ dairələrinin mənafeyindən kənar cərəyan edən hadisə olduğu üçün Rusiyanın bu şəkildə reaksiya göstərəcəyi proqnoz edilən olub. Göründüyü kimi Azərbaycan tərəfi də bu kimi reaksiyaya hazırlıqlı olub ki, gərginliyin ilk günündən əks adekvat reaksiyalar göstərilib, agentura və cinayətkar şəbəkənin ifşası kimi. Zəngəzur dəhlizinin gec-tez açılacağı mütləqdir. Bu, hansı yolla olursa-olsun ediləcəkdi. Rəsmi İrəvanın buna qeyd edildiyi kimi, əgər Azərbaycanın tələbi kimi dəyərləndirilən “Kalininqrad modeli” əsasında açılmasına qərar verəcəksə, bu, Rusiya və İranın mənafeyinə zidd olacaq, xüsusən də, “9 noyabr” bəyannaməsində qeyd edilən və Rusiya FTX-nin nəzarəti nəzərdə tutulan bəndindən kənar olacaqsa.

Rusiya buna görə ənənəvi təzyiq üsullarından istifadə etməyə başladı. Həmişə Azərbaycan üçün ciddi maddi və sosial təzyiq üsulu olduğu qeyd edilən Rusiyada yaşayan azərbaycanlılar kartını işə saldı. Azərbaycanın isə buna adekvat reaksiyası hamını təəccübləndirdi. Əslində, kimsə Azərbaycandan bu reaksiyanı gözləmirdi. Amma hamı bir şeyi unudur ki, Azərbaycan dövləti üçün geosiyasi maraqları hər şeydən üstündür. Azərbaycan bunun üçün Rusiyaya qarşı daha ciddi kartlarını oynamağa hazırdır. Yeni dünya düzəni formalaşması prosesində Azərbaycan yüz il əvvəl olduğu kimi uduzan ölkə olmaq istəmir. Ona görə də bu məqsədlə kim olursa-olsun, onunla qarşı-qarşıya gəlməyə hazırdır”.

//Gülnarə Abasova, Editor.az