Azərbaycanlı arxeoloq vəfat etdi – FOTObackend

Azərbaycanlı arxeoloq vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri, İnstitutun Həmkarlar təşkilatının sədri, Cənub-şərq bölgəsi üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin Amağu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, iki il Sabirabad rayonunda tarix müəllimi işləyib, sonra isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun əyani aspiranturasına daxil olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  dosenti idi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri vəzifəsində çalışıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Müdafiə Şurasının və Elmi Şuranın üzvü olmuşdur. Bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. Azərbaycan  arxeologiya elmini Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Fransa və başqa ölkələrdə keçirilən elmi konfranslarda təmsil edib.

“Cənub-Şərqi Azərbaycanın Arxeoloji tədqiqi” və “Fransa-Azərbaycan Beynəlxalq arxeoloji ekspedisiyasına” rəhbərlik edib. “Cənub-Şərqi Azərbaycanın arxeoloji xəritəsi” və “Cənub-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri” monoqrafiyaları üzərində iş aparıb.

20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Məclisinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məclisinin üzvü olmuşdu. Yeni Azərbaycan Partiyasının üzvü idi.

AMEA-nın ictimai həyatında fəal iştirak edib. Uzun müddət AMEA Azad Həmkarlar İttifaqının Gənclər təşkilatı, idman, mənzil məişət komissiyalarına, İdman spartakiadalarının və digər mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.

O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə yetirilməsində fəal iştirakınıı və ilk kollektiv müqavilənin 100 illiyini nəzərə alaraq 2004-cü ildə Fəxri Fərmanla təltif edilib.

O, eyni zamanda AMEA-nın ictimai həyatında fəal iştirakına görə müxtəlif vaxtlarda 3 dəfə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.

 

Loading...