Azərbaycanlı diplomat səfirliyin 347 min manatını qumara qoyubbackend

Azərbaycanlı diplomat səfirliyin 347 min manatını qumara qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəldib.

O, ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib.

Sabiq attaşe özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını da deyib.

Qeyd edək ki, Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödənilib.

//APA