Azərbaycan şou-biznesində tanınmış sənət adamlarının bahalı avtomobilləri ilə yanaşı, xüsusi və diqqətçəkən dövlət nömrə nişanları da yenidən gündəmə gəlib. Yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
məlumata görə, bir çox məşhurlar avtomobillərində adi nömrələrdən fərqli olaraq “xüsusi kombinasiyalı” – eyni rəqəmlərdən ibarət və ya ad-soyad baş hərflərini əks etdirən nömrələrdən istifadə edir. Bu isə həm diqqət çəkir, həm də bahalı həyat tərzinin göstəricisi kimi dəyərləndirilir.
Belə ki, xalq artisti Faiq Ağayevin avtomobilində adının baş hərflərini əks etdirən və təkrarlanan rəqəmlərlə kombinə olunmuş nömrə, Ədalət Şükürovun isə bir neçə bahalı avtomobilində xüsusi seçilmiş nömrələr istifadə etməsi diqqət çəkir.
Eyni zamanda, Aygün Kazımova, Röya, Xatirə İslam, Rəqsanə kimi məşhurların da “111”, “999”, “007” kimi yadda qalan və simvolik sayılan nömrələrə üstünlük verdiyi bildirilir.
Maraqlıdır ki, bu tip nömrələrə maraq təkcə estetik deyil, həm də maddi baxımdan böyük rəqəmlərlə ölçülür. Rəsmi olaraq bəzi nömrələrin dövlət rüsumu bir neçə min manat olsa da, qeyri-rəsmi bazarda onların qiyməti on minlərlə manata qədər yüksələ bilir.
Hətta bəzi hallarda nadir kombinasiyalı nömrələrin qiymətinin avtomobilin öz qiymətinə yaxın olduğu qeyd olunur.
Sosial şəbəkələrdə iki fərqli mövqe formalaşıb. Bəziləri bunu şəxsi zövq və imicin bir hissəsi hesab edir. Digərləri isə bu cür bahalı nömrələri “israfçılıq” kimi qiymətləndirir.
Ekspertlər isə bildirir ki, avtomobil nömrələrinin rəsmi qiymətləri qanunla tənzimlənsə də, real bazarda qiymətlər fərqli şəkildə formalaşır və bu sahədə şəffaflıq məsələsi hələ də müzakirə mövzusudur.
Qeyd edək ki, azərbaycanlı məşhurların bahalı və fərqli avtomobil nömrələri təkcə diqqət çəkmir, həm də cəmiyyət daxilində maraqlı müzakirələrə yol açır.
Milli.Az

