Azərbaycanlı şagirdlər Anadolu Liseyindən çıxarılır? – Direktordan CAVABbackend

Azərbaycanlı şagirdlər Anadolu Liseyindən çıxarılır? – Direktordan CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Türk Anadolu Liseyində oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı ilə bağlı iddialar yayılıb.

Bu barədə “Qafqazinfo”ya övladı həmin liseydə oxuyan bir qrup valideyn müraciət edib.

Onlar bildirirlər ki, məktəbdə illərdir təhsil alan uşaqlar Azərbaycandakı digər təhsil müəssisələrindən fərqli proqramla oxuyublar. İndi təhsillərini başqa məktəblərdə davam etdirmələri çətinlik törədə bilər. Liseyin Azərbaycan və Türkiyədən olan şagirdlərin bir yerdə oxuması üçün yaradıldığını söyləyən valideynlər azərbaycanlı uşaqların məktəbdən yarımçıq çıxarılmasını haqlarının pozulması kimi qiymətləndirirlər.

“Liseydə 9-cu sinifdə imtahan keçirilir və ən yüksək bal toplayan şagirdlər liseyə yenidən qəbul edilir. Ancaq liseydən sızan son qeyri-rəsmi məlumat azərbaycanlı şagirdlərin valideynlərini çox narahat edir. Belə ki, bu il liseyə qəbulu planlaşdırılan 150 şagirddən 120 nəfərinin Türkiyə, 30 nəfərinin isə azərbaycanlı olacağı deyilir. Yəni, azərbaycanlı şagirdlər kənarlaşdırılacaq. Hazırda 9-cu sinfi bitirən 7 sinfin sayının azaldılaraq 5-ə salınacağı deyilir.

Həmçinin, əldə etdiyimiz məlumata görə, imtahanda Türkiyə vətəndaşları üçün 200 bal keçərlidir, Azərbaycan vətəndaşları üçün isə 300 bal müəyyənləşib. Biz imtahan nəticələrinin şəffaf formada elan olunmasını istəyirik, amma onu da açıqlamırlar ki, hansı şagirdin neçə bal topladığını görə bilək”, – valideynlər bildiriblər.

Şikayətçilər artıq 2 ilə yaxındır ki, məktəbə yeni qəbul edilən şagirdlərin ya valideynlərindən birinin, ya da hər ikisinin Türkiyə vətəndaşı olanlar arasından seçildiyini iddia edirlər.

Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz açıqlamasında yayılan iddiaların əsassız olduğunu deyib:

“Qəti şəkildə belə bir şey yoxdur. İndiyə qədər heç bir şagirdi liseydən çıxarmamışıq və çıxarmayacağıq da. Belə bir qərar qəbul olunmayıb, bunu kim söyləyibsə, düz söyləməyib.

Hətta azərbaycanlı şagirdləri qəbul etmək üçün kvota verilib. Bu, daha öncə olmayan bir şeydir. Yəni, azərbaycanlı şagirdlərin liseydən çıxarılması ilə bağlı hal yoxdur”.

A.Yılmaz həmçinin 9-cu sinif imtahanında azərbaycanlı şagirdlərə az yer ayrılması və digər məsələlərə də münasibət bildirib:

“Belə bir şey yoxdur. Biz dövlət qurumuyuq, Türkiyə Cümhuriyyətinin buradakı məktəbiyik, bizdən eşitmədiyiniz heç bir şeyə əsla inanmayın”.