Azərbaycanlı tələbələri İran bu cür yetişdirib – Süleymanibackend

Azərbaycanlı tələbələri İran bu cür yetişdirib – Süleymani

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdırıb. Bunu mədəni işlər və layihələr adı altında gerçəkləşdirə bilib.

Editor.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli milli fəal və jurnalsit Əli Süleymani deyib.

O, Azərbaycanda müxtəlif sahələrdə İranın casus şəbəkələrinin izləri olduğuna diqqət çəkib:

“İran maraqlarına xidmət edənlərin çoxu ideoloji təbliğatla, müxtəlif vədlərlə bu işlərə cəlb olunub. Bakıda “İnşaratı-Xuda” adlı nəşr evi kitab satışı ilə məşğul olurdu. İranda o kitablar baha satıldığı halda, Bakıda çox ucuz idi. İran səfirliyinin mədəniyyət mərkəzi, Ocaq-Nejad şəbəkəsi, “İmdad” cəmiyyəti və s. hamısı bu işlərlə məşğul idi. Əsasən psixoloji cəhətdən insanları yoxlayıb, onlara necə təsir edə biləcəklərini müəyyən edirdilər. Maddi cəhətdən yardım etməklə, təhsillə, müxtəlif dini ziyarətgahlara göndərməklə Azərbaycanda insanları öz tərəflərinə cəlb edirdilər. Zəif iradəli insanlar onların toruna tez düşürdü”.

Şəbəkəyə qoşulanların çoxunun dini təhsil almaq istəyən gənclər olduğunu bildirən Süleymani onların yetişdirilərək İranın təbliğat xarakterli işlərində istifadə edildiyini vurğulayıb:

“Dini təhsil adı altında gəncləri İrana göndərirdilər. Həmin şəxslərə dini təhsillə yanaşı hərbi təlimlər də keçirdilər. Bununla bağlı narahatlıqlarımız var idi və bu barədə mətbuatda çıxışlarımız olurdu. Azərbaycan daxilində ciddi təhlükə mənbəyi yaranmışdı. Kimini hərbi, kimini təbliğati işlərə, kimini terrorçuluğa cəlb edib, istifadə edirdilər. Mən İranda Muğan şəhərində yaşayırdım. Parsabad yaxınlığında İran hakimiyyəti 30 Azərbaycan tələbəsinə necə hərbi təlimlər keçdiyinin şahidi olmuşam. Həftə sonları onları hərbi təlimlərə cəlb edirdilər. Aydın deyildi, dini təlimlər hara, hərbi təlimlər hara? Bir müddət keçirdi və onları Qum şəhərinə göndərirdilər. Bu insanların heç kimlə əlaqə saxlamasına icazə verilmirdi. Gənclər isə anlamırdılar nə üçün onların başqaları ilə ünsiyyəti qadağan idi. Bununla bağlı onlarda sual yaranmırdı. Çünki onların beynini ideoloji yolla doldurub, bu cür təlimlərin lazım olduğuna inandırırdılar. Bu yolla “Hüseyniyyun” kimi qrup formalaşdı. İran hakimiyyəti insanların dini hissiyatından istifadə edə bilirdi. Əslində, dini anlayışlardan uzaqlaşdırıb, möhvumat təbliğ edirdilər. Cəmiyyətə qatılan və xüsusi yetişdirilmiş insanlar da İranın təlqin etdiyi zəhərli düşüncələri yaymaqla məşğul olurdu. Onların anlayışına görə, gördüyü işlər dünyada ədalətin bərqərar olması üçündür”.

Süleymani qeyd edib ki, İran dünyada radikal dini cərəyanların və terrorçu qrupların meydana çıxmasında xüsusi rol oynayıb:

“İranın şiəçilik əsasında qurduğu hakimiyyət zərərli dini radikal qruplar formalaşdırdı. İslam şiəçiliyinə paralel olaraq, sünni məzhəbinə aid radikal qrupların təzahürü pis nəticələr verdi, terror aktları törədildi. Bu gün İran hakimiyyəti təhlükəli siyasət aparır, şiə-sünni məsələlərindən faydalanmağa çalışır. Suriyada İŞİD-dən, Əfqanıstanda taliblərdən istifadə edir. HƏMAS-ı, Hizbullahı dəstəkləyib, İsrailə qarşı qoyur. Bu təhlükəni və terroru dünyaya İran gətirib”.