“Azərbaycanlıların bu ərazilərə qayıdışına mümkün qədər uzatmaq istəyirlər..”.backend

“Azərbaycanlıların bu ərazilərə qayıdışını mümkün qədər uzatmaq istəyirlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırıldığı elan olunsa da, Ermənistan hərbi-siyasi diversiya aktları və müharibə cinayətlərini davam etdirir. Bu ölkənin hərbi cinayətlərindən biri mina terrorunun həyata keçirilməsi və minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim olunmamasıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar, digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. İyunun 4-də isə Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması məğlub ölkənin beynəlxalq ictimaiyyətin gözü qarşısında növbəti aşkar cinayət aktıdır. Son günlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya dəstələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində, o cümlədən Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərdiklərini deyən politoloq əlavə edib: “Əlbəttə, cinayətkar dövlətin “xəritə oyunu” və mina terroru vasitəsilə həyata keçirmək istədiyi plan aydındır. Onlar ilk növbədə maksimum surətdə çoxlu sayda insanın həlak olmasına müvəffəq olmağa çalışırlar. İkincisi isə, azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq istəyirlər”.

Nurlan Qələndərli vurğulayıb ki, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi strateji zərurət və hüquqi öhdəlikdir: “Birincisi, bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların tələbidir. Digə tərəfdən, Ermənistanın mina terroru və “xəritə oyunu”, hərbi-siyasi təxribatları, eləcə də diversiya aktları regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ona görə də dünya ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən yenidən canlanmağa, “siyasi reanimasiya”dan çıxmağa çalışan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu reallığı nəzərə alaraq adekvat addımlar atmalı – məcburedici tədbirlər görməlidirlər. İlk növbədə, Ermənistana beynəlxalq sanksiyanın tətbiq olunması məsələsi dünyanın siyasi gündəliyinə çıxarılmalıdır”.

Gülnarə Abasova, editor.az