Azərbaycanlıların soyqırımı: Daşnak-rus terrorcularının Cənub bölgəsində törətdikləri qırğınlar haqqındabackend

Azərbaycanlıların soyqırımı: Daşnak-rus terrorcularının Cənub bölgəsində törətdikləri qırğınlar haqqında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bununla bağlı arxivlərdə və tarixi mənbələrdə kifayət qədər materiallar və sənədlər mövcuddur. Bu baxımdan 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının (FTK) tərtib etdiyi sənədlər çox mühüm mənbə kimi çıxış edir. Belə ki, 1920-ci ilin aprelinə kimi fəaliyyət göstərən FTK tərəfindən yüzlərlə zərərdidə vətəndaş dindirilmiş, törədilən bu qırğınlarla bağlı çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplanmışdır. 36 cilddən və 3500 səhifədən ibarət olan həmin sənədlər qeyd olunan illərdə Bakı, Şamaxı, Quba, Neftçala, Gəncə, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində əhaliyə qarşı soyqırımı törədildiyini birmənalı olaraq sübut edir.

Lakin bu iş heç də asan başa gəlməmişdir. Belə ki, FTK-nın sədri Ə.Xanmməmədov 1919-cu il aprelin 28-də Ədliyyə nazirinin 23 aprel 1919-cu il tarixli sorğusuna cavab olaraq qeyd edirdi ki, “komissiya türk-müsəlman əhalisinə qarşı keçirilən qırğınlarla bağlı sənədlərin toplanması işini demək olar ki, başa çatdırmış və hazırda qərar layihəsinin hazırlanması ilə məşğuldur. Lakin komissiya Lənkəran qəzasında ”molokan qiyamı”, Zəngəzur qəzasının və Gəncə quberniyasının əsas hissəsində erməni təcavüzü ilə bağlı hələ ki, təhqiqat işinə başlaya bilməmişdir… Çünki Lənkəran və Cavad qəzalarının ermənilər yaşayan hissəsi faktiki olaraq Azərbaycan qanunlarına tabe olmurl”.

Ə.Xanməmmədov onu da bildirirdi ki, Lənkəran qəzasının müsəlman əhalisi dəfələrlə mənim qarşımda məsələ qaldırıb ki, polkovnik Avetisov başda olmaqla erməni silahlı quldur dəstələrinin törətdikləri cinayətləri təhqiq etmək üçün ora komissiya göndərilsin. Hələlik bu mümkün olmamışdır.

Beləliklə, bu gün sözügedən bölgədə törədilmiş erməni vəhşilikləri haqqında faktiki materialın azlığı da bundan irəli gəlir və görünür, həmin istiqamətdə daha geniş tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.

Xatırladaq ki, Azərbaycandakı erməni qırğınlarının tarixi, əslində, xeyli əvvəl – XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrandan, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Rusiya himayəsini qəbul etmiş bu nankor ünsürlər dəfələrlə onun köməyi ilə öz yaxın-uzaq planlarını həyata keçirməyə – Qafqaz regionunda dənizdən-dənizə qondarma “Böyük Ermənistan” dövləti yaratmağa cəhdlər göstərmişlər. XX əsrin ilk onilliklərində də Rusiya imperiyasını bürümüş inqilabi hərəkat, I Dünya müharibəsinin ağır sosial-siyasi və iqtisadi nəticələri onlara həmin məkrli planın realizə edilməsi üçün yaxşı fürsət yaratmışdı.

Əvvəla, qeyd edək ki, ermənilər öz çirkin niyyətlərinə ən müxtəlif yollarla nail olmağa çalışırdılar ki, bu da onların milli xislətindən irəli gələn bir cəhətdir. Məsələn, Şamaxıda qırğın törətmək üçün onlar molokanlardan istifadə etdilər, Bakıda isə antimilli bolşevik qüvvələri ilə birləşib həmrəy oldular.

Yeri gəlmişkən qeyd edək ki, o vaxt Bakıda müxtəlif siyasi qruplar – bolşeviklər, menşeviklər, daşnaklar, eserlər və s. fəaliyyət göstərirdilər. Onların da, demək olar ki, hamısı milli qüvvələrə, konkret desək, Müsavata qarşı idilər. Erməni-daşnakların kifayət qədər gücə malik Erməni Milli Şurası Bakıda, o cümlədən Azərbaycanda törədilən bütün cinayətkar əməllərin təşəbbüsçüsü və icraçısı kimi çıxış edirdi. Üstəlik, 1918-ci ilin əvvəllərindən Bakı Soveti qüvvələrinə rəhbərlik edən Stepan Şaumyan partiya mənsubiyyəti etibarı ilə bolşevik olsa da, əslində, Erməni Milli Şurasının funksioneri kimi çıxış edirdi. O, 1918-ci ilin yanvarında Bakıdakı bütün antimilli qüvvələri öz ətrafında birləşdirərək azərbaycanlılara qarşı qırğınlara cəhd göstərmişdi. Amma buna gücünün-qüvvətinin yetmədiyini görüb planını bir qədər təxirə salmalı olmuşdu. Mart ayında isə bunun üçün münasib məqam yetişmişdi.

Onu da nəzərə alaq ki, həmin dövrdə Azərbaycanı müdafiə edə biləcək ordu hissələri demək olar ki, yox idi. Yalnız Azərbaycanın iki bölgəsində – Gəncədə və Lənkəranda Milli Ordunun formalaşdırılması ilə bağlı müəyyən işlər gedirdi. Müsəlmanlardan ibarət yeganə silahlı dəstə isə I Dünya müharibəsi cəbhəsindən qayıdaraq Lənkəranda yerləşən “Dikaya diviziya”nın süvari polku idi. Bu diviziyanı tərksilah etmək erməni-bolşevik alyansının əsas məqsədlərindən biri idi.

Qırğınlara başlamaq üçün bəhanəni çox gözləmək lazım gəlmədi. Belə ki, məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd bəyin cənazəsi milli qvardiya üzvləri tərəfindən Bakıya gətirildikdən sonra onların “Evelina” gəmisi ilə Lənkərana qayıtmaq istəkləri buna rəvac verdi. Məlumat üçün bildirək ki, Lənkəranda “Dikaya diviziya”nın tərkibində xidmət edən Məhəmməd Tağıyev 1918-ci il martın 17-də silahla ehtiyatsız davranması nəticəsində güllə yarası almış və həlak olmuşdu.

Yaranmış əlverişli şəraiti əldən vermək istəməyən ermənilər gizli şəkildə Rus Milli-Şurası, Xəzər motrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” gəmisindəki zabitlər tapşırıq almışlar ki, Lənkəranda yerləşmiş müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərinə hücum etsinlər. Odur ki, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr gəmidəki hərbçilərdən tərksilah olunmağı tələb etdilər. Bu tələbə rədd cavabı alındıqda isə gəmiyə tüfəng və pulemyotlardan atəş açıldı. Məhz bu atəş Bakıda erməni vəhşiliklərinin başlanğıcı oldu. “Evelina” gəmisindəki silahlar isə bolşeviklər və erməni daşnakları tərəfindən müsadirə edildi.

Xatırladaq ki, Salyan, Hacıqabul, Muğan və Lənkəran qəzasına erməni-daşnak dəstələri hələ 1918-ci il martın 14-də yeridilmişdi. Həmin ilin iyun ayında isə ermənilər Cavad qəzasının Uzundabalı kəndini yerlə-yeksan etmiş, Qaralı kəndinin bütün başıpapaqlılarını qətlə yetirmişdilər.

İki mindən çox piyada, 12 pulemyot, 6 top, 2 zirehli və 4 nəqliyyat gəmisi ilə silahlanmış erməni-bolşevik ordu hissələri 26 iyun 1918-ci ildə ölkənin cənubunda – Kür çayının Xəzərə qovuşduğu Bankə qəsəbəsinə gəlmişlər. Zirehli gəmilərdə 2 top və 2 pulemyot da var idi. Sənədlərdən məlum olur ki, Bankə ətrafındakı qəsəbə və kəndlərdə yaşayan ruslar da onlara qoşulur və sayları artırdı. Bəzi sənədlərdə şahidlər terrorçuların sayının 6 min olduğunu bildirirlər. Onlar keçdikləri hər yerdə – Kürün hər iki sahilində yerləşən türk evlərini talan edir və yandırırdılar. Düşmən əsgəri bu şəkildə Salyana doğru irəliləyərək, şəhərin 3 kilometrliyinədək yaxınlaşmışdı.

Salyan, Bankə və Neftçala bölgələrində yaşayan türklər vəziyyətlə bağlı Gəncəyə məlumat vermişlər. Türk Qafqaz İslam Ordusu dərhal hərəkətə keçmişdir. Cavad bölgəsindən minbaşı Nazim Ramazanovun komandasında 1 piyada bölüyü, 1 pulemyot dəstəsi, 1 dağ topu və 73 atlıdan ibarət milis süvari alayı var idi. Onlar 26 iyun 1918-ci ildə Qaraağacdan paraxodla Salyana doğru hərəkət etmişlər. Surra və Qarabucaq kəndləri ərazisində iyunun 28-dən iyulun 2-nə qədər davam edən savaşda düşmən məğlub olmuşdur. Bu döyüşlərdə 13 türk əsgəri də şəhid olmuş, 17-si yaralanmışdı. Düşmənin itkisi isə belə olmuşdur: 132 ölü və 600 yaralı.

Salyan bölgəsində 2-ci döyüş 12 iyul 1918-ci ildə rusların yaratdığı Vasilyevka xəttində baş vermişdi. Xıllı, Yeni Vasilyevka-Bankə ərazilərində əzilən düşmənin sağ qalanları Bakıya doğru üz tutmuşdular.

Həmin vaxt Lənkəranda olan rus əsgərləri polkovnik Avetisovun erməni və ruslardan ibarət dəstəsini hər cür silah-sursatla təmin edirdilər. Bundan xəbər tutan camaat belə qərara gəlir ki, həmin silahları ələ keçirsin. Odur ki, İrandan qayıdan rus əsgərlərini gətirən “Milyutin” paroxodundakı silah-sursatı ələ keçirməkdən ötrü İbrahim bəy Şahtaxtinski bir dəstə ilə hücuma keçmiş və qənimət olaraq 6 ədəd pulemyot, 800 tüfəng, 850 min patron və 10 yeşik bomba ələ keçirmişdir. Mircavad bəy Talışinskinin Ərkivandan göndərdiyi atlı dəstə də silah ələ keçirməyə cəhd etdi. Bu hadisədən bəhanə kimi istifadə edən Avetisovun əsgərləri Muğana tərəf hərəkət edən rus dəstələri ilə birləşərək Göytəpə (Prişib) ilə Astaranı birləşdirən Poçt yolu ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə başlamışlar. 1918-ci ilin mart ayında molokan (Kalinovka) kəndi ətrafında da qızğın döyüşlər getmişdir.

S.Şaumyanın imzaladığı sərəncam və Erməni Milli Şurasının göstərişi ilə Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün tərkibində erməni fəhlələrindən təşkil olunmuş 280 nəfərlik silahlı dəstə quru yolla Muğana, bir qismi də dəniz yolu ilə Lənkərana göndərilmişdi. 1918-ci il aprelin 12-dən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini talayaraq Lənkəran əhalisinə divan tutmuşdu. 1918-ci il avqustun 14-də Lənkəran, 20-də Şamaxı, 21-də Salyan və 23-də Qubada, sovet hakimiyyəti adı ilə, faktiki olaraq, əslində, erməni hökuməti qurulmuşdu. Bu zaman artıq Lənkəran qəzasında İlyaşeviçin 10 min, polkovnik Markarovun 3 min, polovnik Avetisovun 2 min nəfərlik ordusu fəaliyyət göstərirdi. Bölgənin ən iri yaşayış məntəqələrindən olan Astara şəhəri mütəmadi olaraq erməni-bolşevik əsgərləri tərəfindən topa tutulduğundan, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdu. Xəzər dənizi sahilində – Qızılağac və Lənkəran arasındakı müsəlman kəndləri də “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutulmuş və 1918-ci ilin yanvarında burada başlanan qırğınlar martda daha da şiddətlənmişdi.

Bundan əlavə, Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana 2 min nəfərlik daha bir erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başlamışdı. Şahid ifadələrinə gərə, azğınlaşmış ermənilər müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı hücumlarından qorunmaq üçün səngərlər qazmağa məcbur edirdilər. İş o yerə gəlib çatmışdı ki, ermənilər məhərrəmlik mərasimi keçirilən məscidlərə soxulub nüsəlmanlara öz təziyələrini keçirməyə mane olur, onları qarət edir, məscidi isə yandırırdılar.

Ümumiyyətlə, ermənilər bölgədə minlərlə evi dağıtmış, 40-dan yuxarı kəndi tamamilə yandırmış və saysız-hesabsız günahsız insanın həyatına son qoymuşdular. Tam olmayan məlumatlara görə, 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən ən azı 2 min insan qətlə yetirilmişdi. İngilis agenti olan erməni Avetisovun dəstəsinin təhqir və təcavüzü, talan və soyğunçuluğu daha qanlı və dəhşətli şəkil almışdı.

Həmin illərdə çap olunan “Azərbaycan” qəzetinin səhifələrində qeyd edilir ki, “Lənkəranda erməni silahlı dəstələri müsəlmanlar arasında səbəbsiz axtarışlar və həbsləri davam etdirməklə hər gecə neçə-neçə günahsız ailəni bədbəxt edirlər. Yalan xəbərlər və əsassız şübhələr ilə ermənilər müsəlmanların evlərini axtarır, onları təhqir və həbs etdirir, adamları sorğu-sualsız öldürürdülər. Avetisovun əsgərlərinin müsəlmanlar haqqında etdikləri vəhşilik və zülmlər sayəsində çoxlu sayda şəhər sakini öldürülmüşdü. Qorxu və vahimə içərisində olan camaat küçəyə çıxmaqdan qorxaraq evlərdə gizlənirdilər.”

Lənkərandakı quldur dəstələrinin birinin də komandiri emənipərəst Şıvkinov idi. O, vaxtilə Lənkəran xanı Mirəhməd xanın evi olmuş binanı ələ keçirib, onu öz qərargahına çevirmişdi. Burada rus batalyonlarında xidmət edənlərin əksəriyyəti də erməni idi. Onlar hər növ silahlarla təmin olunmuş və hətta döyüş gəmilərinə malik idilər. Gəmilərdən tez-tez şəhəri atəşə tuturdular. Bunun əksinə olaraq əhalinin əlində olan ov tüfəngləri belə yığılmışdı.

Erməni qəddarlıqlarının miqyası və dərəcəsi heç bir ölçüyə gəlmirdi. Deyilənə görə, Lənkəranın Sütəmurdov kəndində 1 əsgərin öldürülməsini və burada silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şıvkunov kəndin 13 nəfər ağsaqqalını, o cümlədən axund Molla Həmidin qollarını bağlatdırır və boyunlarını vurdurur.

Onun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar törədirdilər. Bu cinayətlərin qarşısını almaq üçün kənd ağsaqqalları Şivkunovun yanına gedib atəşi dayandırmasını xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlamaqla vəziyyəti bir qədər də gərginləşdirdilər. Bundan sonra kəndə hücum çəkib əhalidən silahları təhvil verməyi tələb etdikdə isə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verir. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başını kəsməyi əmr edir. Şəhər camaatı ara sakitləşdikdən sonra geri qayıdarkən ətrafda üstü toz-torpaqla örtülən çoxlu meyit görür… Şahidlər nəql edirlər ki, Lerikdən axıb gələn və Sütəmurdov kəndinin içindən keçən çayın suyu qırmızı rəngə boyanmışdı. Suyun üzü meyitlər, onların papaqları və paltarları ilə dolu idi.

Belə qırğınlar Gərmətük, Girdəni, Veravul, Mamusta, Vilvan, Kərgəlan, Rvo, Şovu və s. kəndlərdə də törədilmişdi. Belə ki, yalnız bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan qətlə yetirilmişdi.

Lənkəran şəhərinin və ətraf kəndlərin əhalisi Osakücə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdı. Lakin onların evləri top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmlş insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şəhərin yaşlı sakinləri deyirlər ki, ermənilər qaynar su ilə dolu samovarı adamların belinə bağlayır və qaçmağa məcbur edirdilər. Belə ki, iki gün ərzində Gərmətük kəndində qaçıb canını qurtara bilməyən 7 nəfər məhz bu üsulla öldürülmüşdü. Atılan topların zərbəsindən kəndin məscidinin bir tərəfi dağılmışdı. Bundan başqa, sözügedən kənddə bir evdən olan 8 nəfəri yerindəcə güllələmişdilər. Kərgəlan kəndində isə 70 kişi çayın kənarında vəhşicəsinə qətlə yetirilmişdi. Girdəni kəndi yaxınlığındakı Ləkər körpüsündə qanlı döyüşlər getmiş və 20-də artıq adam da burada öldürülmüşdü. Lənkəranın “Mayak” adlanan hissəsində yüzlərlə adam qətlə yetirilmiş və itlər onların cəsədlərini torpaqdan çıxarıb parçalamışdı.

Şübhəsiz ki, erməni-rus zülmünə qarşı əhali ciddi müqavimət göstərirdi. Bölgədə qaçaq hərakatı geniş yayılmışdı. Döyüş əməliyyatlarında qadınlar belə iştirak edirdilər. Məsələn, Lənkəranın Tikəvilə kəndindən Vəsmicahan Məmmədova və Veravul kəndindən olan Səkinə xanım özünümüdafiə dəstələri yaradaraq daşnaklara qarşı döyüşlərdə böyük şücaət göstərmişdilər. Bununla belə, qüvvələr nisbəti bərabər deyildi və insanlar erməni vəhşiliklərinin qarşısını almaq üçün ən müxtəlif yollar axtarırdılar. Ağsaqqal ziyalı Mirhaşım Talışlı nəql edir ki, Ləkəran ağsaqqalları bir nəfər nümayəndələrini dənizdə paraxodda mövqe tutan Şivkunovun yanına göndərib, qırğını dayandırmağı istəyib və “düşməniniz kimdir, deyin, gətirək təhvil verək sizə” – deyib. Onlardan biri elçiyə “sizin caamatın hamısı bizim – ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib başqa ölkələrə gedin”,– deyə cavab verib.

Bundan başqa, qırğınların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşmüşlər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söyləmişlər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etmişdir.

1918-ci il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla da görüşmüş, ermənilərin və denikinçilərin qəzanı bərbad hala saldıqları, dinc əhaliyə divan tutduqları haqqında ona məlumat vermiş, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etmişdi. Lakin bütün bunların heç bir faydası olmamışdı.

Onu da qeyd edək ki, o illərdə “Baku”, “Azərbaycan” və “Azerbaydjan” qəzetləri ilə yaxından əməkdaşlıq edən T.Bayraməlibəyov həmin qəzetlərə göndərdiyi müxbir məqalələrində də Lənkəran-Astara bölgəsində erməni-rus hərbi birləşmələrinin, o cümlədən “Sentr Kaspi Soyuz” adlanan qondarma hökumətin qanunsuz əməllərindən, dinc əhalinin başına gətirilən müsibətlərdən, törədilən qırğınlardan geniş bəhs edirdi və həmin məqalələr bu gün bölgədəki erməni vəhşilikləri haqqında məlumat verən ən mühüm mənbələrdən biri kimi çıxış edir.

Silahlı erməni və rus dəstələri Lənkərandan başqa, qaçaqlara kömək etməkdə şübhəli hesab etdikləri Muğan kəndlərinə də fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən yandırılmışdı. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri belə müsəlmanların əlindən alınaraq ruslara verilmişdi.

Digər bölgələrimiz kimi, Azərbaycanın cənub bölgələrini də ermənilərin törətdikləri qırğınlardan milli özünümüdafiə dəstələrinin köməyinə gəlmiş Türk Qafqaz İslam Ordusunun hissələri xilas etmişdi. Belə ki, 1918-ci ilin noyabrın 1-də Lənkəran Müsəlman Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, görkəmli maarifçi Teymurbəy Bayraməlibəyov Bakıda olan türk qoşunlarının ali baş komandanı Nuru paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstələrinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan xahiş etmişdi. Nuru paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adı çəkilən dəstənin bütün özbaşınalıqlarının qarşısı alınacaqdır: “Müsəlmanlara çatdırın ki, onlar çox gözləməyəcəklər”.

Beləliklə, Nuru paşanın göstərişi ilə 500 əsgərlə lənkəranlılara köməyə gələn türk sərkərdəsi Camal Paşanın dəstəsi düşmənləri qaçmağa məcbur etmişdi. Lakin, təəssüf ki, Camal Paşa sonradan Astaranın Kələdəhnə kəndinin erməni quldur dəstəsindən azad edilməsi uğrunda gedən döyüşlərdə öldürülür. Bəziləri Camal Paşanın Astaranın Pensər kənd məscidinin həyətində, bəziləri isə cənazənin Türkiyəyə aparılıb dəfn edildiyini söyləyirlər.

Ümumiyyətlə, əldə olunan bütün faktlar və sənədlər sübut edir ki, 1918-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri qətlamlar əsl soyqırımı idi və Azərbaycan xalqının genefondunun məhvinə, bu xalqın Yer üzündən birdəfəlik silinməsinə hesablanmışdı. Təsadüfi deyil ki, martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə Milli Matəm Günü kimi qeyd olunmuşdu. Sovet hakimiyyəti isə bu hadisəni tamamilə unutdurmağa çalışmışdı. Belə ki, sovet dövrü tarixçiləri tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti kimi deyil, vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əks-inqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Lakin kommunizm ideoloqlarının bütün cidd-cəhdlərinə baxmayaraq xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər.

Bütün bunların fonunda isə bu gün ermənilərin bütün dünyaya car çəkib 1915-ci il hadisələrini ermənilərin soyqırımı kimi təqdim etməyə çalışması çox gülünc görünür. Bu baxımdan Rusiyanın Türkiyədəki baş konsulu Mayevskinin ermənilərlə bağlı fikirləri çox yerinə düşür. O, öz xatirələrində yazır: “…Mən belə bir əqidəyə gəlmişəm ki, türklər vəhşiliyə əsla qadir və qabil deyillər və buna daha çox şərq xristianları (ermənilər nəzərdə tutulur) qadirdirlər. Onlar bu vəhşilikləri uydurmaqla törədir və sonradan bunu türklərin boynuna atırlar”.

2008-ci ildə Qubada 1918-ci il soyqırımına aid kütləvi məzarlığın aşkar edilməsi isə erməni daşnaklarının görünməmiş vəhşiliklərinin əyani sübutudur. Belə kütləvi məzarlıqların ölkəmizin digər regionlarında, o cümlədən Cənub bölgəsində olduğu isə heç bir şübhə doğurmur və erməni soyqırımlarının miqyasının bütün Azərbaycanı əhatə etdiyini sübut edir. Yuxarıda sadalanan faktlar və şahid ifadələri də bunu deməyə tam əsas verir.

Tahir ŞAHBAZOV

AMEA Arxeologiya və Etnoqrafiya

İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru, Dosent.