“Cənubi Qafqazda kommunikasiyaların açılışı mövzusu siyasiləşdirilməməlidir”.
Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya XİN-in rəhbəri bildirib.
Sergey Lavrov ortaq mətbuat konfransında iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib: “Noyabrın 9-da müharibəni dayandırmaq və sülhməramlı əməliyyata keçmək, bölgədəki bütün iqtisadi əlaqələri, bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq üçün başlayan sülh prosesi demək olar ki, yarım ildir davam edir. Buna görə də, sülh prosesinə keçid haqqında danışmaq reallığı bir az təhrif etməkdir. Üçtərəfli qrupdan bəhs etdiniz, bu gün mən də bu barədə danışdım və vəzifədaşım da. Üçtərəfli qrup birbaşa sülh prosesi ilə əlaqəli olan məsələlərin praktik həlli ilə məşğul olur. İnsanlar blokadadan, embarqodan, beynəlxalq təşkilatlar çərçivəsində qurulan maneələrdən qurtulduqda, faydalı əməkdaşlığı inkişaf etdirmək və strateji cəhətdən əhəmiyyətli olan bu bölgədə geosiyasi və coğrafi üstünlüklərdən birbaşa faydalanma başlanacaq”.
Rusiya XİN-in rəhbəri əlavə edib: “Üç ölkənin liderləri arasında hərbi əməliyyatların dayandırılması, sülhməramlı kontingentin timsalında atəşkəsə nəzarət mexanizmi yaradılması ilə bağlı uzun-uzadı danışıqların gedişində həlledici rol oynayaraq, hər şeyin razılaşdırılmasını təmin etmədə hamıdan daha çox maraqlıyıq. Biz Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin razılaşdığı bütün məsələlərin praktik olaraq həyata keçirilməsinə çalışırıq. Əminəm ki, həmsədrlər hər şeyin son həllinə çağırış etdikdə, bütün bu məsələlərin nizamlanması üçün nələrin edilməsi lazım olduğunu düşünüblər. Şübhə etmirik ki, insanlar bütün məhdudiyyətlərin, blokada təzahürlərinin aradan qaldırılmasından sonra dinc həyatın faydalarını hiss etməyə başladıqda, bəzi həmkarlarımız indi çalışdıqları mövzularla bağlı fərqli münasibət qurmağa başlayacaqlar. Odur ki, indi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur”.
Sergey Lavrov etiradf edib ki, proses olduqca çətindir. ““Regional əlaqələr” adlandırılan şeyin təmin olunması, təmas xətti, sərhədin delimitasiyası və demarkasiyası məsələləri həll edildikdə, bölgənin sərbəst nəfəs alması və dinc həyat sürməsi mümkündür. Bu məsələləri sonraya aid etməyə çalışan və siyasi müzakirəsinə başlayanlar bütün prosesi alt-üst edir. Onilliklər və yüzillər boyu olduğu kimi, azərbaycanlılarla ermənilər normal yaşamağa başladığı zaman siyasi məsələləri həll etmək daha asan olacaq”.

