“”AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin müxtəlif struktur bölmələrində yaxın aylarda kütləvi ixtisarlar aparılacaq. Artıq bir çox əməkdaşlara mümkün ixtisarlarla bağlı ilkin xəbərdarlıqlar edilib”.
Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub.
Editor.az iddiaları dəqiqləşdirmək məqsədilə “AzerGold” QSC-yə rəsmi sorğu ilə müraciət edib.
Sorğumuza cavab olaraq “AzerGold” QSC-dən bildirilib ki, dağ-mədən sənayesi regionların inkişafı, yüksək ixtisaslı iş yerlərinin yaradılması və dolayı məşğulluq baxımından strateji əhəmiyyətə malik sahələrdən biridir.
Hazırda “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində ümumilikdə 2128 nəfər daimi işlə təmin olunub. Onlardan 812 nəfəri birbaşa “AzerGold” QSC-də, 1316 nəfəri isə uzunmüddətli podratçı şirkətlər vasitəsilə çalışır. İşlə təmin edilən əməkdaşların 82 faizdən çoxunun regionları, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunu və ucqar kəndləri təmsil etdiyi qeyd olunub.
Açıqlamada bildirilib ki, Daşkəsən və Göygöl rayonlarında həyata keçirilən layihələr nəticəsində Gəncə-Daşkəsən iqtisadi rayonu məşğulluq səviyyəsinə görə ölkə üzrə ön sıralarda qərarlaşıb. Həmçinin Daşkəsən rayonunun orta aylıq əməkhaqqı göstəricisinə görə ölkənin şəhər və rayonları arasında ilk üçlükdə (Xankəndi, Bakı və Daşkəsən) yer aldığı vurğulanıb:
“Bildirmək istəyirik ki, cari il üzrə Səhmdar Cəmiyyəti tərəfindən hər hansı işçi ixtisarlarının aparılması nəzərdə tutulmur. Əksinə, yeni mədən layihələrinin icrasının müvafiq mərhələləri çərçivəsində onlarla yeni daimi iş yerinin yaradılması planlaşdırılır”, – deyə rəsmi cavabda qeyd olunub.
Qurumdan həmçinin bildirilib ki, gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Kiçik Qafqaz regionunu əhatə edən digər ərazilərdə yeni mədənlərin istismara verilməsi minlərlə vətəndaşın, əsasən region sakinlərinin daimi işlə təmin olunmasına şərait yaradacaq.
//Editor.az

