Xaçmaz rayonunun Ağçay kəndində hələ də qazlaşdırılma aparılmayıb.
Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, kənddə 70-dən çox ailə yaşayır.
“Həm yemək üçün, həm isinmək üçün odun peçindən istifadə olunur. Ətraf kəndlərdə qaz var, amma bizim kəndə hələ də çəkilmir”, – sakinlər bildirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı əsasında mərhələli şəkildə icra olunur:
“Vəsait ayrıldıqca, qazlaşdırma həyata keçirilir. Biz icraçı orqanıq, nə zaman sözügedən ərazinin qazlaşdırılması proqramda əksini taparsa, biz kəndin qazlaşdırılmasını təmin edəcəyik. Sözügedən proqram 2023-cü ilədək davam edəcək”.

