Azıx mağarası da işğaldan azad olundubackend

Azıx mağarası da işğaldan azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Ordusu işğal altında olan daha 23 kəndi azad edib. Editor.az xəbər verir ki, azad edilən ərazilər arasında Xocavənd rayonunun Azıx kəndi də var.

Quruçayın sol sahilindən bir qədər aralı, dağ ətəyində yerləşən kənd adını ərazidəki Azıx mağarasının adından götürüb.

Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başlayıb.

1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edib. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb.

Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib.

Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa alətlər, fauna və ocaq qalıqları aşkar olunub. Tədqiqatlar göstərib ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət olub.