“Samvel Babayan bu gün Qarabağda yaşayan erməniləri girov götürən cinayətkar qrup təmsilçiləri içərisində vəziyyəti nisbətən real qiymətləndirənlərdəndir”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batan Samvel Babayanın yeni təkliflərlə çıxış edərək, “Azadlıq” radiosuna açıqlamasında Ağdam və Laçın yolunun eyni vaxtda açılmasını təklif etməsinə və bununla bərabər, yolun açılması və 5-10 yük maşını yardımın gəlməsi ilə problemin həll edilməyəcəyini diqqətə çatdırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu ilə bərabər Laçın yolunun da açılması təklifi ilk baxışda digərləri ilə müqayisədə daha mütərəqqi hesab edilə bilər:
“Lakin o, çıxışının davamında qeyd edir ki, həm yolların açılması, həm də Qarabağın “statusu” məsələsi paket halında həll olunsun. Bu da Azərbaycan üçün qəbuledilməzdir. Heç bir statusdan söhbət gedə bilməz. Ölkə başçısı İlham Əliyev rəsmi Bakının Qarabağ erməniləri üçün hansı imkanları yaratdığını dəfələrlə səsləndirib. Onlar öz dillərində təhsil ala, işləyə bilərlər, həmçinin dini inancları, mədəniyyəti qorunub-saxlanılır. Azərbaycanın mövqeyi məlumdur. Buna görə də Samvel Babayanın etdiyi təklif və hazırlamaq istədiyi 20 bəndlik paket qəbul edilməyəcək”.
Siyasi şərhçinin fikrincə, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolu ilə humanitar yüklərin daşınması məsələsi müzakirə edilə bilər:
“Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya məsələsi, onların hüquq və təhlükəsizliyinin təmin olunması ölkə başçımızın təyin etdiyi nümayəndə ilə Qarabağın erməni icmasının təmsilçiləri arasında müzakirə oluna bilər. Bu görüşlər Azərbaycan hakimiyyətinin müəyyən etdiyi yerlərdə keçiriləcək. Heç bir güzəşt ola bilməz. Rəsmi Bakı öz mövqeyindən geri çəkilməyəcək. Bundan əvvəl Blinkenın və Fransa prezidenti Emannuel Makronun prezident İlham Əliyevə telefon zəngi də göstərdi ki, nə bu cür cəhdlər, nə də rəsmi Parisin vəzifəli şəxslərinin “şou”ya qoşulması ermənilərə heç nə verməyəcək. Ağıllanmaq və reallıqları düzgün qiymətləndirmək vaxtıdır”.
//Safura Bənnayeva, Editor.az

