Bacı pəncərəsinə gülümsəyən şəhid məzarı…backend

Bacı pəncərəsinə gülümsəyən şəhid məzarı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təsadüf deyə bir şey yoxdur həyatda. İnsanın taleyinə yazılanların əslində hər addımı növbəti yaşayacaqlarının müjdəçisidir. Bəlkə də buna inanandan çox inanmayanlar vardır. Amma bəzi məqamlar olur ki, sakitcə oturub özümüzlə baş – başa qalarkən baş vermişləri, olanları,
yaşanmışları sıralayan zaman əslində təsadüf deyə bir şey olmadığını daha dərindən anlamış oluruq. Sanki uşaqlıqdan görə – görə gəldiklərimiz gələcəyimiz üçün yol salır. Eyni dənizə fırtınada yol göstərən mayak kimi bizi yönləndirir, sonumuza doğru yollayır. Ona verilən ömür payını hər kəs bir cür yaşayıb başa vurur. Amma əsas olan nə yaşamaq deyil, necə yaşamaqdır. Kim olduğun deyil, kim olacağındır. Sağkən kim olaraq tanınmaqdan çox, zamanı gəlib ömür karvanını bu dünyadan çəkincə kim olaraq anılmaqdır “ deyə dərin mənalı, amma fikirdən sanki çökəklərdə yox olmaqda olan yaş dolu gözlərini zillədiyi nöqtədən ayırıb salonda əyləşənlərin üzlərinə qürurlu bir nəzər saldı çiyinləri həsrətdən, yükdən əzilib cılızlaşmış həmin xanım. Zalda qəribə bir sükut hökm sürürdü. Sanki hamı o sakit, mülayim səsi dinləməkdən həzz alır, hər kəsin ruhu dincəlirdi. O da bir neçə saniyə susub sözə davam etdi :

Məni çoxunuz tanımırsız. Bəlkə də maraqdan dinləyirsiz ki, görəsən, niyə halsız – halsız bu səhnəyə qəfildən çıxıb öz ağlından keçənləri danışmağa başladı bu xanım? Bəlkə də mənim nə danışacağımdan çox kimliyim maraqlıdır çoxunuza. Bəlkə də əksinə, kimliyimdən çox danışacaqlarım, söhbətimin sonunun hara gedib çıxacağı. Amma sizə özümdən, kimliyimdən yox, birinin, bir igidin ailəsini, bir balasını, ata- anasını, sevdiklərini, bacısını, həyat yoldaşını, arzularını, xəyallarını, gələcəyini, gəncliyini, ümidlərini bir an belə düşünmədən, yaxşını, pisi, layiqlini, layiqsizi, şərəflini, şərəfsizi, ağıllını, ağılsızı, vicdanlını, vicdansızı seçmədən hər kəs üçün, Vətən üçün, torpaq üçün, balasının rahat, üzüağ, qürurlu gələcəyi üçün düşünmədən qurban vermiş bir igiddən, onun yoxluğuna dözməkdə əzizlərinin arasında ən çox dözümsüz olan bacısından, dünyada az – az rast gəlinən bacı – qardaş sevgisindən danışacam. Onları tanımağınızı istəyirəm çünki.

Bayaqdan sükuta qərq olmuş salonda qəribə bir canlanma başladı. Hər kəs pıçıltı ilə bir – birindən bu yaşlı, nurani simalı, balacaboy, qarayanız, bəyaz saçları başının qara örtüyünün kənarlarından görünən, damarları qaranlıq səmalarda tüğyan edən yaz yağışının şimşəkləri kimi şaxələnmiş əllərini həyəcandan sanki hara qoyacağını bilməyən, titrək səsli, amma səhnədəki duruşu ilə də dünyaya meydan oxuyacaq qədər güclü, mərd, qürurlu, cəsarətli təsir bağışlayan xanımı maraqlanmağa başladı. Xanım özü də bunun fərqinə vardı və gülümsündü, duruşunu pozmadan səs tonunu bir az daha dəyişdirərək, daha qətiyyətlə əlavə etdi :

Hə, o zaman izninizlə mən davam edim. Yenidən sakitlik bərqərar oldu zalda. Yenə hər kəsin tam diqqəti bu xanıma kilidləndi. Əzizlərim, kimliyimi daha sonra öyrənərsiz. Amma istəyirəm sizə deyim ki, mən bu yaşıma qədər çox şeylər yaşamışam. Həyatın hər üzünü görmüşəm,ən ağır dərdlərindən ömrümə pay düşüb. Yaşaya – yaşaya, dada – dada, görə – görə, öyrənə – öyrənə bu yaşa gəlib çıxmışam. Həyat təcrübəmdən siz cavanlara çox şey deyə bilərəm, tövsiyələr verə bilərəm. Amma mənim bu yaşımda ən çox əmin olduğum şeylərdən biridir ki, insan 15 – də nədirsə, 50-də də odur, 70 – də də. Bundan qəti şübhəniz olmasın. Dediyim qəhrəman buna gözəl nümunədir. Siz də mənə haqq qazandıracaqsınız.Və bir də nitqimin əvvəlində dediyim fikrimdə də məni haqlı sayacaqsız. Deməli, oğlum uşaqlıqdan siniflərində ən çox Abid adlı oğlanla dostluq edərdi. Təkcə dərs müddətində yox, dərsdən sonra da günləri bir keçərdi. Yeməkləri, çayları, gəzməkləri, oyunları, hətta davaları da birgə idi. Olduqca dəcəl idilər. Dəcəllikləri qədər də ürəyiaçıq, mərhəmətli, mərd, dürüst, şən uşaqlar idi hər ikisi. Zəhmətdən, işdən də qəti qorxmazdılar. Abidin bir də Aygün adlı bacısı vardı. Abid məktəbdə nə iş görsə, müəllimlər nədənsə şikayətçi olsa, bacısı Aygünə deyərdilər ki, evdə valideynlərinə çatdırsın. O zamanlar bilirsiniz kənd yerində iş – güc çox olurdu, indiki kimi rahat telefon, internet əlaqələri də yox idi. Amma Aygün qardaşına qıymırdı deyə, evdə gedib heç nə deməzdi. Abid də eyni cür edirdi. Bacısından nə şikayət edilsə, özü onu danlayar, lazım olanı özü deyər, amma evdə ata – anasına bir kəlimə də nəsə deməzdi.

Abidin başı uşaqlıqdan çox bəlalı idi. Qara buludlar sanki ondan əl çəkmirdi. VI sinifdə oxuyanda Abidi bir dəfə maşın vurur. Üç gün koma vəziyyətində olan Abidin ailəsi onun yoxluğu ilə qısa zamanda olsa belə, sanki ömürlərindən ömür getmiş qədər sınandı. Nə zaman Abidi ailəsi nəsə bir şeyə görə danlasa idi, bacısı Aygün hər kəsə qarşı çıxar, onu danlamayın qəti, Abid kimsəyə bənzəmir, hamıdan yaxşı oğuldu, yaxşı baladı, ona heç nə deməyin deyə etiraz edərdi. Aygünün hələ o zamanlarda sanki ürəyində qəribə bir qorxu kök salırdı. Daim ağlında bir fikir dolanırdı ki, ya Abidə nəsə olsa? Ya onsuz qalsaq ?! Bu qəza həyatında Aygünün kiçik ürəyində yaşadığı ən böyük qorxu, ən böyük itirmək acısı olmuşdu. Bayaq əbəs yerə demədim ki, yaşadığımız hər məqam boş deyil, mütləq ki, gələcəyimizi inşa edən ömür yolumuzun bir kərpicidir. Abidin də taleyinin xəbərçiləri bir zamanlar gələcəkdən xəbər verdiyi kiminsə ağlına gəlməzdi. İndi pazıl parçaları tam yerinə oturur. Əslində Aygünün kiçik ürəyində yaşadığı o qorxu hissləri, ağlını, beynini həbs edən o həyəcanlar əbəs deyilmiş. Yaşlı xanım göz yaşlarını saxlamağa çalışsa da, buna nail olammır, danışdıqca qəhər onu boğur, səsi titrəyir, yaşlar yanaqlarından boğazına süzülürdü biixtiyar şəkildə.

Artıq zaldakı sükutu həm də qəribə bir hüzn, üzüntü də ağuşuna almışdı. Əyləşənlərin sırasında da göz yaşlarını gizləməyə çalışanlar da, hakim ola bilməyənlər də çox idi. Hətta yalnız xanımlar yox, bəylər də.

Bu gün o bacı, o Aygün bir zamanlar yaşadığı qorxu ehtimalını ən dərin acıları ilə yaşamaqdadır. Niyə? Çünki bu gün onun qardaşı Abid tarix yazanlar sırasındadır. Bu gün Abidin süfrəsində onun 28 – ci yaş günü üçün şirin tort kəsiləcəkkən, dostları ilə şən söhbətlər edib, doğmalarının təbrikini qəbul edəcəkkən, əzizləri ona hədiyyələrini məzarına aparır, şəninə xoş sözlər, haqqında gözəl fikirlər, dualar onun adına kəndin girişində tikilmiş bulağın başında toplaşanlar tərəfindən doğmalarına söylənir. Gülməli olan üzlərin, sevinəsi ürəklərin yerini körpə əllərində atasının məzarına tər nərgizlər aparan Əlini görüb gözlərdən axan qan yaşlar, yanan ürəklərə dərman olmayan təsəlli sözləri alır. Bütün bunların arasında ən acısı nədir bilirsinizmi? Atasız bir bala, boynubükük bir gəlin, belibükülmüş bir ata, gözlərinin nuru getmiş bir ana, yarım qalan həyatlar, sönən çıraqlar, itən sevinclərlə bərabər hər gün bu acıyla yaşamaqla birgə hər sabah evinin pəncərəsi qardaşının məzarına açılan bir bacı olaraq yaşamağa davam etmək üçün çalışmaq. Ən böyük çarəsizlik budur. Çünki iki körpəsi ilə pis – yaxşı həyata tutunmağa şalışarkən bu bacı hər sabah otağının pəncərəsini qardaş məzarına açır, onun gülümsəyən soyuq məzar daşını bəzəmiş cansız şəklini görüncə həyata tutunduğu bağlar çözülür. Çarəsizlikdən həyata, yaşamağa olan həvəsini itirir. Bir də düşünün ki, bu acı hər gün təkrarlanır. Heç qaysaq tutmur. Onun işə gedən yolu da o məzarlığın qarşısından keçir. Aygün hər gün qəbrini ziyarət edib, qardaşının cansız, gülümsəyən şəkli ilə dərdləşib gedir o işə. Əlini, gəlinlərini hər görəndə gözünün önündən Abidin ilk dəfə birini sevdiyini onunla paylaşmağı, bacı olaraq necə sevindiyini, onların arasında vasitəçiliyini, Əlinin doğumu sevincini, gözü önündən keçərkən, məhv olmuş, yarım qalmış ailə tablosu onun da sevinclərini, xoşbəxt olmaq, yaşamağa məcburiyyət səbəblərini yox edir. Bu acının dərinliyini sadəcə kiçik bir hadisə ilə ifadə edib nitqimi sonlandıracam dedi yaşlı xanım:

“Bir müddət əvvəl güclü yağışlar yağdı bilirsiniz. Gecə göy gurultusu ilə şimşək çaxıb leysan tökərkən həmin gecə Aygün Abidin qorxduğunu düşünüb həyətə düşüb, o leysan kəsənə qədər leysanın altında dayanıb. Bu dilə asan, amma sözlərin ifadə etməkdə aciz qaldığı acı dilə asan,yaşanması ölümə bərabər kiçik bir məqam lazım olan hər şeyi deyir məncə” – deyib göz yaşlarını silən həmin xanım bir az susdu. Asta, ağır addımlarla dönüb səhnədən düşmək istərkən qəfildən dönüb ayaq saxladı. Hə…. Unutmadan sizin marağınıza da son qoyum. Mən bilirsinizmi kiməm? Həmin o Abidin, şəhid Abid Asif oğlu Məmmədovun dostu, sinif yoldaşı Cavanşirin anası Aybəniz xanımam. Bunları danışmağı özümə borc bildim. İnsanlıq borcu. Ümid edirəm və inanmaq istəyirəm ki, mənə haq verib fikirlərimlə razılaşacaqsız.Çünki doğrudan da, əsas olan bu həyatı doğru yaşamaq, şərəfli ölə bilməkdir. Bu da hər adama qismət olan xoşbəxtlik deyil.Və insan həyatında təsadüf deyə bir şey yoxdur. Bacı pəncərəsinə gülümsəyən şəhid məzarına baxaraq həyata yaşamağa davam etməyə məcbur olan həqiqətlər, talelər var sadəcə. Bu tale hər dəfə bacı pəncərəsinə baxıb gülümsəyən qardaş məzarına bacı laylası çağıracaq :

Əzizinəm, qar daşı,

Qarlı dağdan qar daşı.

Ölsə, bacılar ölsün,

Ölməsin bacının qardaşı.

Zaldakı acı dolu, hüznlü sükutu qəfildən qalxan alqış səsləri, Allah rəhmət eləsin, Allah səbr versin, şəhidlər ölməz, Vətən bölünməz sədaları pozdu… Hamı danışılan həyat hekayəsinin təsiri altında sehrlənmiş kimi dəqiqələrlə sadəcə alqış səsləndirdi bu igidliyi, bu sevgini, bu acının özündən böyük qürurunu qiymətləndirirmişcəsinə…..

Günel İbrahimova