Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.
Bu barədə Baku.ws məlumat yayıb.
Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlının saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Uşağın valideyni Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.
Nərgiz xanım onu da bildirib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.
290 saylı bağçanın müdiri Dilşad İsmayılova uşağa fiziki və mənəvi şiddət göstərən hər iki işçinin əmək müqaviləsinə xitam verilərək işdən çıxarıldığını bildirib:
“Bu məsələdən məlumatım var. Lazımi qurumlara da məlumat verilib. Hər iki işçi barəsində tədbir görülüb. Bu hadisə iyunda baş verib. Texniki işçi uşağa nalayiq sözlər söyləyib. Sonra valideyn mənə yaxınlaşıb dedi ki, müəllim uşağın saçını yolub və döyüb. Bundan sonra hər iki işçi işdən çıxarılıb”.
Sözügedən görüntüləri təqdim edirik: