Bahalaşma yalnız pandemiya ilə əlaqədar deyil: “QİYMƏT ARTIMI hələ bir müddət də davam edəcək”backend

Bahalaşma yalnız pandemiya ilə əlaqədar deyil: “QİYMƏT ARTIMI hələ bir müddət də davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Bahalaşma yalnız pandemiya ilə əlaqədar deyil və qısa müddətdə bunun qarşısının alınması qeyri-mümkündür. Ona görə də qiymət artımı hələ bir müddət davam edəcək. Çünki dünya iqtisadiyyatı ikitərəfli dərin böhran yaşayır. Bir tərəfdə əsas aparıcı Mərkəzi Banklar, Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı tərəfindən çox pul çap edilir və artıq pul kütləsi inflyasiyanın olmasını şərtləndirir. Digər tərəfdən də iqtisadi daşınmalar, yük daşınmaları, istehsal prosesləri ilə bağlı qloballaşan dünyada zəncirlər sınır, beləliklə təklif inflyasiyası da artır. Yəni həm pul, həm təklif inflyasiyası artır”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Ekspertin sözlərinə görə Azərbaycan idxaldan çox aslı olan ölkədir:

“Biz bir çox məhsulları özümüz istehsal edə bilmiriksə, həmin məhsullar necə ucuzlaşacaq? Ona görə də bir aydan sonra qiymətlərin stabilləşməsi ilə bağlı verilən proqnozlar çox primitivdir. Qiymətlər o zaman sabitləşəcək ki, yerli istehsalımızı qura biləcəyik və bunun üçün də satış bazarı tapacağıq. Belə olduqda effektiv şəkildə istehsal etdiyimiz ucuz və keyfiyyətli məhsulları bazara çıxara biləcəyik. Hesab edirəm ki, bu proses iqtisadi cəhətdən də uzun və ağrılı olacaq”.

E.Məmmədov bildirib ki, son dörd ildə əmək haqqı fondu iki dəfədən çox artıb:

“Bu reallıqdır və sosial sahədə müsbət dəyişikliklərin sübutudur. Amma inflyasiya, iqtisadi problemlərlə bağlı olan məsələlər iqtisadi idarəetmədəki boşluqlarla bağlıdır. Biz nə qədər maaş artırsaq da inflyasiyanın qarşısını ala bilmiriksə, əgər yerli istehsalı qura bilmiriksə, sözsüz ki, pulun artırılması çap olunması ilə nəticə əldə etmək olmaz. O pulun düzgün idarəetməsi tənzimlənməli, investisiyaya çevrilməlidir. Azərbaycanda isə son 3 il ərzində ölkə iqtisadiyyatının əsas kapitalına yatırılmış investisiyalar 16 faizə yaxın azalıb. Belə olduğu halda inflyasiya ilə mübarizədə müsbət dəyişikliklər əldə etmək və artan maaşla iqtisadi problemləri həll etmək absurd məsələdir”.