“Dünyada baş verən qiymət artımı Azərbaycana da təsirsiz ötüşə bilməz”- Millət vəkili bahalaşmanın SƏBƏBLƏRİNİ açıqladıbackend

“Dünyada baş verən qiymət artımı Azərbaycana da təsirsiz ötüşə bilməz”- Millət vəkili bahalaşmanın SƏBƏBLƏRİNİ açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə günü-gündən ərzaq və qeyri-ərzaq məhsullarınin qiymətində sürətlə bahalaşma gedir. Xüsusən də ərzaq məhsullarında baş verən bu bahalaşma əhalinin ciddi narazılığına və narahatlığına səbəb olur.

Maraqlıdır, bu bahalaşmanın səbəbləri nələrdir?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, bütün dünyada sürətli bahalaşma gedir və bu, Azərbaycanda məhsulların qiymətinə təsirsiz ötüşə bilməz:

” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabladığı qiymət indeksi 133 bəndlik həddi keçib. Bu, dünyada qiymətləndirmənin indeksidir. Çox təəssüflər olsun ki,  bir neçə aydır ardıcıl olaraq dünyada da qiymətlər artır. Taxıl, bitki yağı, süd məhsullarının qiyməti xeyli bahalaşıb. Bitki yağları 9.6 faiz, süd məhsulları 2.6 faiz artıb. Bu ciddi təşviş doğurur. Ona görə də  dünyada aclıq çəkən insanların da sayı artaraq 811 milyona çatıb. Aclıq çəkənlərin sayı hər il 160-170 min nəfər artır. Bu rəqəmlər kifayət qədər ciddidir. Sözsüz ki, dünya ölkələri buna biganə  qalmayacaq. Əsas səbəb isə dünyada təchizat zəncirinin pozulmasıdır. Dünyada baş verən müharibələr, münaqişələr, siyasi gedişlər bu təchizat zəncirinin, əlaqələrin pozulmasına zəmin yaradır. Ona görə də ölkələrin bir-birinə məhsul ixrac etməsi xeyli azalıb. Digər səbəblərdən biri isə pandemiya ilə əlaqədardır. Pandemiyanın dünyada yaratdığı çətinliklər, məhdudiyyətlər qiymət artımına xeyli təsir edir.Dünyada sürətlə gedən bahalaşma bütün ölkələr kimi Azərbaycanda da ərzaq məhsullarının qiymətinə təsir edir. Dövlətin bu istiqamətdə müəyyən proqramları var”.

Millət vəkili son günlər Milli Məclisdə müzakirə edilən büdcə layihəsini diqqətə çəkərək bildirib ki,  layihənin bəndlərində dünyada baş verən iqtisadi böhran geniş şərh edilir və bahalaşmanın qarşısını almaq üçün, kompensasiya etmək və əhalini bu vəziyyətdən qurtarmaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulur:

“Aqrar sektorun, heyvandarlığın, taxılçılığın inkişaf etdirilməsi, yerli məhsul istehsalında artım, işğaldan azad edilmiş ərazilərin bərpasının sürətləndirərək əkin dövriyyəsinə cəlb olunması istiqamətində də xeyli işlər görülür. Həmin torpaqlarımızda kənd təsərrüfatı məhsulları da sürətlə yetişdiriləcək. Eyni zamanda, əhalinin müəyyən təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlara ayrılan sosial müavinətlərin, əməkhaqlarının artırılması, vergi güzəştlərinin edilməsi də büdcə layihəsində öz əksini tapıb. Bu bahalaşma, qiymət artımı əhalini haqlı olaraq narahat edir. Lakin nəzərə almaq lazımdır ki, biz dünyada gedən proseslərdən kənar qala bilmərik. Çünki biz də dünyanın bir parçasıyıq. Lakin Azərbaycanda iqtisadiyyatın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması üçün yaxşı potensial var. Əgər biz gələcəkdə bu potensialdan səmərəli istifadə etsək, çətinliklərin də qarşısı tez bir zamanda alınacaq. Ona görə də bu istiqamətdə nəzərdə tutulan layihələr, proqramlar vaxtında  həyata keçirilməli, öz səmərəsini verməlidir”.

//Gülnarə Abasova, Editor.az