“”Bahalı həyat”ını nümayiş etdirən hər kəs BLOGER DEYİL”- Sosioloqla maraqlı MÜSAHİBƏbackend

“”Bahalı həyat”ını nümayiş etdirən hər kəs BLOGER DEYİL”- Sosioloqla maraqlı MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Park Bulvarda fanatları ilə görüşü izdihama çevrilib. Yaranan görüntülər günlərdir sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əksəriyyət ora toplaşan şəxsləri və sözügedən blogeri qınayır.

Mövzu ilə bağlı Editor.az-a danışan sosioloq Lalə Mehralı cəmiyyətdə yaranan fikir ayrılıqlarına aydınlıq gətirib.

-Lalə xanım, yaranmış bu izdiham cəmiyyət olaraq bizim hansısa səhvimizin nəticəsidirmi və burada günahkar kimdir?

-“Hz. Əlinin məşhur bir kəlamı var, uşaqlar öz valideynlərindən çox, zəmanələrinə bənzəyirlər. Ötən gün Hüseyn Həsənov adlı blogerin gəlişi ilə yaranan izdiham məhz bu kəlamın mənasını ifadə edir. Uşaq yaşlarından övladlarımızı necə tərbiyələndirsək də onlar öz istədikləri kimi böyüməyə çalışırlar. Burada valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki valideynlər övladlarına həddindən artıq “azad internet” şəraitini yaratmaqla bir növ belə halların yaranmasına alt zəmin hazırlayırlar. Orada toplaşanların çoxunun yeniyetmə olması da bunu sübut edir. Bu proses iki günə başa gəlmir. O izdihamın arxasında illərin “zəhmət”i dayanır. Zəmanə uşaqları öz istiqamətlərini cəmiyyətin, ətraf mühitin təsiri ilə yalnız öz istədikləri kimi müəyyənləşdirməyə cəhd edirlər. Valideynin qoyduğu qadağalara, tələblərə cavab verməyən zamanə yeniyetmələri “azad həyat”ın arxasınca qaçır. Bu uşaqlar azadlığı, sərbəstliyi əllərində planşet, smartfon, azad internet gəzintisində görür. Onların azadlıq anlayışı çox təəssüf ki, belə bir dar çərçivədə məhdudlaşır”.

-Ümumiyyətlə, biz yaranan xoşagəlməz görüntülərin səbəbini əyləncəni məhz ” bahalı telefon” paylayan insanın ətrafında axtaran gənclərdədimi görməliyik, yoxsa gəncləri səhv istiqamətə yönləndirənlərdəmi?

-Övladının təhlükəsizliyini təmin etmək hər bir valideynin borcudur. Valideynlər uşaqlarının yaxşı insanların əhatəsində olduğundan əmin olmalıdır. Valideyndən çox düşdüyü mühit yeniyetmələrə daha çox təsir edir. Biz əksəriyyətimiz isə bunun fərqində deyilik və ya buna nail ola bilmirik. Çünki başı işə, pul qazanmağa qarışan hər iki valideynin çalışdığı ailədə uşaqlar istər-istəməz nəzarətsiz qalır. Həmin valideynlər övladına güvənməyi seçir, amma övlad isə çox vaxt bu güvəni doğrultmur. Biz bu izdihamı kitab, rəsm sərgilərində, yarmarkalarında, muzeylərdə görməliyik. Belə olarsa, hərkəs o fotoları qürur hissi ilə paylaşardı. Amma “iphone” dalıyca gedən gəncləri biz utanc hissi ilə paylaşmağa məcbur olduq. Bu məsələdə isə hər birimiz günahkarıq və cəmiyyətin hər bir fərdinin gənclərin bu davranışlarının formalaşmasında rolu var. Bir çox problemin kökündə cəmiyyətimizdə etinadsız yanaşma durur”.

– Niyə bu izdihamlar məhz blogerlərin görüşlərində yaranır?

-Onlar müəyyən kütləsi olan səhifələrində insanlara elə ideal həyat nümayiş etdirirlər ki, gənclər bundan çox təsirlənir. Sanki bloger olan hər kəs bütün günü əyləncədədir, “bahalı”, “lüks” həyat yaşayır. Təəssüf ki, bu həyatı da bir çoxu istəyir. Ona görə də son vaxtlar sosial şəbəkələrin təsiri ilə bloger olmaq istəyənlərin sayı durmadan artır. Hər əlinə smartfon götürən şəxs özünü “bloger”, “influcer” adlandırır. Halbuki əksəriyyəti heç bu ifadələrin mənasını bilmir. Mən Hüseyn Həsənov adında blogerin varlığından həmin izdihamdan sonra xəbər tutmuşam. Onun instagram hesabına göz gəzdirdikdə isə “blogerlik” fəaliyyətinə dair faydalı bir şey görmədim. “Bahalı həyat” tərzini, şişirdilmiş dodaqlarını, kəsdirdiyi burnunu, geyimlərini nümayiş etdirən hər kəs bloger deyil. Biz əvvəlcə öz həyatını reklam edənlərlə blogerləri fərqləndirməyi bacarmalıyıq. Blogerlər insanlarla faydalı məlumatlar paylaşan, gəzdiyi, gördüklərinin ümumi icmalını səliqəli, düzgün şəkildə təqdim edən şəxslərdir. Onların hansısa davranışı, hərəkəti, statusu başqaları üçün ona görə maraqlı ola bilər ki, orada faydalı nəsə var. Belə olduqda, müsbət istiqamətdə cəmiyyətə təsir edən şəxsləri biz bloger adlandıra bilərik”.

//Gülnarə Abasova, Editor.az