Azərbaycan, Bayden administrasiyasına Ermənistan üzərindən ABŞ-ın geopolitik planlarını reallaşdırmaq və erməni diasporunu məmnun edərək, əlavə seçki dəstəyi qazanmaq şansı tanımadı… Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Kremlə verməmək üçün Ağ Ev hazırda Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur etməyə çalışır…
Cənubi Qafqazda sülh prosesi qeyri-müəyyən xarakter daşıyır. Belə ki, bu prosesin hansı istiqamətlərə yönələcəyi son vaxtlar daha qəliz suallar doğurmağa başlayıb. Xüsusilə də, həm bu prosesin birbaşa iştirakçıları, həm də müdaxilə etmək istəyən regiondan kənar siyasi dairələrin açıqlamaları kəskin ziddiyyətlər təşkil edir. Və mövcud situasiyada atılan addımlar da Cənubi Qafqazı sülhdən daha çox yeni savaş təhlükəsinə yaxınlaşdırır.
Məsələ ondadır ki, Ermənistan yekun sülh sazişinin mətni tam razılaşdırılmasa da, onu imzalamağa hazır olduğunu bəyan edir. Halbuki, bunun mümkün olmadığını hər kəs, o cümlədən də Paşinyan hakimiyyəti də anlayır. Çünki yarımçıq sülh sazişinin imzalanması Cənubi Qafqazda savaşdan uzaq inkişaf perspektivləri vəd etmir.
Eyni zamanda, rəsmi Bakı da belə bir yararsız sənədi imzalamaq niyyətində olmadığını qətiyyən gizlətmir. Həm də rəsmi Bakı tam razılaşdırılmış yekun sülh sazişinin imzalanmasından öncə Azərbaycana qarşı ərazi iddiaları yer alan Ermənistan konstitusiyanın dəyişdirilməsində israrlı mövqe tutur. Və bu baxımdan, Cənubi Qafqazdakı sülh prosesi qarşısında hazırda ən azından iki önəmli əngəl mövcuddur.
ABŞ və Qərb isə nə qədər qəribə də olsa, bu iki önəmli, həm də Azərbaycanın milli maraqlarına zidd əngəli diqqətə almağa həvəs göstərmir. Əksinə, Qərb siyasi dairələri yararsız sülh sazişinin imzalanmasına nail olmaqla, Cənubi Qafqaza yeni təsir mexanizmləri qazanmağa can atırlar. Ona görə də, ABŞ və Qərb bir tərəfdən davamlı olaraq, regional sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən onun bloklanmasına yönəlik addımlar atmağa üstünlük verir. Hər halda, ABŞ və Qərbin Ermənistanı silahlandırması Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qarşısında ciddi problemlərdən biri sayılır.
Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin də Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində maraqlı olduğuna inanmaq sadəlövhlük olardı. Qərb siyasi dairələri indiki situasiyada ən yaxşı halda, daha savaşa və uzunmüddətli müzakirələrə yol aça biləcək yarımçıq sülh sazişinə üstünlük verirlər. Çünki əsas hədəf regional sülhə nail olmaq deyil, Cənubi Qafqazda geopolitik proseslərin iştirakçısına çevrilmək üçün bəhanə mexanizmləri qazanmaqdır. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə prinsipial davranması indiki situasiyada Qərbin geopolitik planlarını bloklamaq üçün hələlik kifayət edir.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərblə Rusiya arasında gedən Cənubi Qafqaz uğrunda mübarizə daha çox regional sülh prosesi üzərində indeksləşib. Çünki hər iki tərəf bu prosesdə orbitr rolunu ələ keçirməyə can atır. Hər halda, indi regional məkanda bu məsələ əsas geopolitik faktor rolunu oynayır. Və bu faktorla bağlı vasitəçilik statusu qazanmadan Cənubi Qafqazda geopolitik planlar qurmaq elə də böyük uğurlar vəd etmir.
Maraqlıdır ki, BMT Baş Assosiasiyasının növbəti toplantısı ərəfəsində ABŞ Cənubi Qafqazda sülh prosesinə vasitəçilik hüququ qazanmaq istiqamətində növbəti dəfə cəhdlər etdi. ABŞ-ın dövlət katibi Entoni Blinken həm Bakıya, həm də İrəvana zəng edərək, Ağ Evin Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəklədiyini təkrarladı. Hətta dövlət katibi ABŞ-ın sülh danışıqlarının inkişaf səviyyəsindən məmnun olduğunu da vurğuladı. Və təbii ki, ABŞ-ın BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində Azərbaycan-Ermənistan yüksək səviyyəli görüşünə vasitəçilik həvəsini biruzə verdi.
Ancaq ABŞ-ın Cənubi Qafqazda buraxdığı kobud səhvlər Ağ Evin vasitəçilik həvəsi qarşısında olduqca ciddi əngəllərdən biridir. Halbuki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi hazırda ABŞ-ın geopolitik hədəfləri deyil, həm də Bayden administrasiyasının seçki maraqları baxımından da böyük önəm daşıyır. Və Bayden administrasiyası buna nail olmaqla, ABŞ-dakı erməni diasporunun seçki dəstəyini almağa can atır.
Təbii ki, əslində, ABŞ-ın ən ciddi səhvlərindən biri də məhz bundan ibarətdir. Belə ki, Bayden administrasiyası Fransanın ardınca ABŞ-ı da qatı ermənipərəst mövqeyə sürükləyir. Son vaxtlar Ağ Evin Azərbaycan-ABŞ münasibətlərinin qəlizləşərək, korlanmasına yönəldən addımlar atması bunu təsdiqləyir. Üstəlik, rəsmi Bakı ABŞ-ın ermənipərəst mövqeyindən və Azərbaycan əleyhinə davranışlarından narazı olduğunu qətiyyən gizlətmir. Və bu baxımdan, rəsmi Bakının ABŞ-a vasitəçilik, Bayden administrasiyasına isə seçki dvidentləri qazandıracağına ümid bəsləmək reallıqdan uzaqdır.
Əlbəttə ki, rəsmi Bakı BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində yüksək səviyyəli görüşdən qətiyyən imtina etmədi. Ancaq çox dəqiq hesablanmış incə diplomatik qərarla rəsmi Bakı ABŞ-a Azərbaycanın xarici işlər nazirini göndərdi. Nəticədə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinin yüksək səviyyəli görüşü əvəzinə, yalnız xarici işlər nazirlərinin toplantısında iştirak etməklə kifayətlənməli oldu. Və bu, rəsmi Bakının Ağ Evə Azərbaycanın maraqlarının ABŞ-ın geopolitik hədəflərindən daha üstün olması barədə dolayısı mesajı kimi də qəbul oluna bilər.
İndi Ağ Evin narahat olması üçün kifayət qədər ciddi səbəblər də olmamış deyil. Belə ki, dövlət katibi Entoni Blinkenin regional sülh prosesində ABŞ-a vasitəçilik missiyası qazandırmaq cəhdi pozitiv nəticə verməyib. Üstəlik, Ağ Evin bu məsələdə Rusiyanı qabaqlayaraq, tamamilə oyundankənar vəziyyətə salmaq niyyəti də boşa çıxıb. Ona görə də, indi Ağ Ev Kremlin alternativ cəhdlərinin necə nəticələnəcəyini ciddi narahatlıq içərisində müşahidə etmək məcburiyyətində qalıb. Və Rusiyanın yaxın vaxtlarda belə bir şans qazana biləcəyi isə qətiyyən istisna deyil.
Məsələ ondadır ki, oktyabr ayında Rusiyada BRİCS-ə üzv ölkələrin növbəti toplantısı keçiriləcək. Rəsmi Bakı bu quruma üzvlük üçün müraciət etdiyindən Azərbaycan Prezidenti İlham Əliyev də bu toplantıya dəvət edilib. Ermənistan baş naziri Nikol Paşinyanın da bu toplantıya qatılmaq niyyəti nəzərə alındıqda, Rusiya yüksək səviyyəli görüşə vasitəçilik şansı qazana bilər. Və Rusiya xarici işlər naziri Sergey Lavrovun bunu mümkün hesab etməsi də Kremlin belə bir görüşün təşkili barədə düşündüyünü göstərir.
Belə anlaşılır ki, Kreml həm Azərbaycan, həm Ermənistan ilə anlaşa bilərsə, ABŞ-ı vasitəçilik hüququna yönəlik yolda bir addım qabaqlaya bilər. BRİCS-ə üzvlük üçün rəsmi müraciət edən Azərbaycanın Kremldən gələn yüksək səviyyəli görüş təklifini geri çevirəcəyini düşünmək sadəlövhlük olardı. Çünki bu görüş Azərbaycan üçün elə bir ciddi problem vəd etmir. Eyni zamanda, BRİCS-ə üzvlük məsələsində Rusiyanın Azərbaycana açıq dəstək verdiyini də nəzərə aldıqda, Kremlin vasitəçiliyi ilə görüş rəsmi Bakının maraqlarına uyğundur.
Təbii ki, Ermənistan baş naziri Nikol Paşinyan BRİCS-in toplantısına qatılarsa, Kremlin təklifini geri çevirməyə ehtiyac duymayacaq. Çünki bütün sahələr üzrə asılı olduğu Rusiya ilə münasibətləri daha da korlamaq hazırda Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Böyük ehtimalla Ağ Evdə də bu reallıqları və önəmli məqamları anlamamış deyillər.
Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın BRİCS toplantısına qatılmaq istəyini bloklamaq ABŞ-ın ixtiyarında olan yeganə çıxış yolu kimi görünür. Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Rusiyaya verməmək üçün ABŞ Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur da edə bilər. Və əgər, baş verərsə, bunun Ermənistanın milli maraqlarına böyük problem olacağı qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu