Bakı hər güclü yağışda su altında qalır: Problem niyə illərdir həll olunmur?-Millət vəkilindən AÇIQLAMAbackend

Bakı hər güclü yağışda su altında qalır: Problem niyə illərdir həll olunmur?-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Bakıda müşahidə olunan intensiv yağıntılar paytaxtın infrastruktur dayanıqlığını ciddi sınaq qarşısında qoyur. Küçələrin mütəmadi olaraq su altında qalması artıq təsadüfi hadisə deyil, sistemli problemlərin göstəricisi kimi qiymətləndirilir. Mütəxəssislər bu vəziyyətin arxasında həm tarixi infrastruktur çatışmazlıqları, həm də sonrakı dövrlərdə aparılan plansız urbanizasiya proseslərinin dayandığını qeyd edirlər. Mövcud reallıq isə şəhər idarəetməsində koordinasiya və strateji planlaşdırma məsələlərinin aktuallığını daha da artırır.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, son günlər yağıntıların normadan artıq və intensiv olması Bakının müxtəlif ərazilərində sel sularının yaranmasına səbəb olub:

“Bu hal nəqliyyatın hərəkətini çətinləşdirib və vətəndaşlar arasında ciddi narazılıq yaradıb. Oxşar hallara dünyanın bir çox şəhərlərində, hətta inkişaf etmiş infrastruktur sisteminə malik ölkələrdə də rast gəlinir və burada iqlim dəyişiklikləri ilə yanaşı, kanalizasiya sistemlərinin ötürücülük qabiliyyətinin zəifliyi kimi amillər rol oynayır.

Bakıda problemin əsas səbəblərindən biri Sovet dövründən qalan infrastruktur çatışmazlıqlarıdır. Belə ki, şəhərin bəzi ərazilərində, hətta mərkəzə yaxın zonalarda belə kanalizasiya xətləri ümumiyyətlə mövcud olmayıb və bu problem bu gün də qalmaqdadır. Bununla yanaşı, son illərdə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri nəticəsində paytaxtın siması əhəmiyyətli dərəcədə dəyişib”.

Deputat əlavə edib ki, digər mühüm səbəb isə ötən dövrlərdə baş planın olmaması və qanunvericilik boşluqları fonunda yaranmış xaotik tikintidir:

“Yeni tikililərin layihələndirilməsi zamanı mövcud infrastrukturun imkanlarının tam nəzərə alınmaması vəziyyəti daha da mürəkkəbləşdirib. Eyni zamanda, bəzi yeraltı kommunikasiya xətlərinə dair sənədlərin olmaması da problemlərin operativ həllinə maneə yaradır. Bu kimi halların qarşısının alınmasında vahid idarəetmə və operativ koordinasiya xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsində meqapolislərin meriya sistemi ilə idarə olunması xidmətlər arasında əlaqələndirməni daha effektiv təşkil edir.

Məsələnin həlli daha çox icra strukturlarının səlahiyyətindədir. Bununla belə, o, “yağış sularının idarə olunması” ilə bağlı ayrıca qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb və bu sahədə Sinqapur təcrübəsinin tətbiqini məqsədəuyğun hesab edib”.

//Gülnarə Abasova, Editor.az