Bakı İrəvanı küncə sıxışdırıb – Sülh danışıqları niyə gecikir?backend

Bakı İrəvanı küncə sıxışdırıb – Sülh danışıqları niyə gecikir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda çıxışı regionda müharibə və münaqişədən sonra yaranmış yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Azərbaycan erməni barbarlığını növbəti dəfə tutarlı əsaslarla ifşa etdi:

“Prezident çıxışı zamanı müharibədən sonrakı reallıqların obyektiv təqdimatını etdi. Dövlətimizin başçısı haqlı olaraq bildirdi ki, Azərbaycan münaqişəni özü həll etdi. Erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələr Azərbaycan ordusu tərəfindən yerinə yetirildi. Bu da o anlama gəlir ki, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı.

Postkonflikt dövrünün reallıqlarından çıxış edən dövlət başçısı Azərbaycanın regionun gələcəyi ilə bağlı baxışlarını növbəti dəfə bəyan etdi. Ölkəmizin sülh danışıqlarına hazır olduğunu bildirən Prezident Ermənistandan hələ də bu istiqamətdə adekvat cavabın gəlmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı. Yəni biz sülh müqaviləsini imzalamağa hazırıq. İndi top Ermənistanın meydanındadır. Məhz bu məqam Ermənistanın qlobal informasiya məkanında növbəti dəfə küncə sıxışdırılması baxımından son dərəcə önəmlidir.

Prezident İlham Əliyev növbəti qlobal platformadan erməni barbarlığını tutarlı əsaslarla ifşa etdi. Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, Ermənistan bütün tarixi-ictimai binaları yerlə-yeksan edib. O cümlədən, 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb. Bu, barbarlığın, vandallığın təzahürüdür. Dövlətimizin başçısı müharibəyə qədərki vəziyyətin obyektiv təqdimatını da çox yüksək səviyyədə etdi. Prezident haqlı olaraq bildirdi ki, müharibənin başlamasının əsas səbəbləri Ermənistanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl təxribatları olmuşdur. Ermənistan rəhbərliyinin yeni iddialarla çıxış etməsi Minsk Qrupu həmsədrlərini də çıxılmaz vəziyyətə saldı, onlar nə edəcəyini bilmirdilər, lakin yenə də sükut saxladılar. Əslində bu sükut öz növbəsində müharibənin başlanmasında beynəlxalq birliyinin də səbəbkar olduğunu ortaya qoyur.

Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda çıxışı həm də Azərbaycanın pandemiyaya qarşı effektiv fəaliyyəti və ölkəmizin bu istiqamətdə həm də qlobal həmrəyliyə verdiyi töhfələrin dünya birliyinə təqdimatı baxımından çox böyük önəm kəsb edir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi ölkəmizin qlobal virusla mübarizədə qlobal həmrəyliyə verdiyi çox önəmli töhfədir.

Azərbaycan vaksin ayrı-seçkiliyinə qarşı ən fəal mübarizə aparan ölkələrdən biridir. Ölkəmiz bu qlobal bəlaya son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış etmişdir. Bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürməsi buna nümunələrdir”.