“Bakı Jurnalistika Məktəbi” seçkilər üçün təxribat hazırlayırbackend

“Bakı Jurnalistika Məktəbi” seçkilər üçün təxribat hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərdən bir müddət əvvəl mediada belə bir məlumat yayılmışdı ki, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Qərbin Azərbaycanda fəallaşdırmağa və idarə etməyə çalışdığı hədəf qrupu gənclərdir. Bu da təsadüfi deyil. İstər Avropa, istər postsovet məkanı, istərsə də Yaxın Şərqdə vaxtilə geniş vüsət almış rəngli inqilabların əsas  hərəkətverici qüvvəsi məhz gənclər olmuşdular. Dünyagörüşü hələ formalaşmaqda olan, enerjili, çılğın, siyasi cəhətdən zəif zümrə kimi gəncləri hər hansı ideya ətrafında cəmləşdirmək və istiqamətləndirmək bacarıqlı siyasi texnoloqların əlində heç də çətin məsələ deyil. Qərbdə isə belə proqramları, layihələri həyata keçirən kifayət qədər qurum mövcuddur.

Konkret Azərbaycana gəldikdə, 2011-2012-ci illərdə NDİ Bakıdakı əlaqələndiricisi Aleks Qriqorevsin təşkilatçılığı və 2 milyon dollarlıq maliyyə dəstəyi ilə paytaxtımızın mərkəzində, Torqovıda gənclərin etirazı, “molotov kokteylləri” bir o qədər də uzaq tarix deyil və hələ də unudulmayıb. Bu etirazlar, həmçinin həmin illərdə Qubada və İsmayıllıda təşkil olunmuş iğtişaşlar bütün proseslərin vahid ssenari üzrə həyata keçirildiyini və cəmiyyətimizin zəif nöqtələrinin müəyyənləşdirilməsinə cəhdlər göstərildiyini aydın nümayiş etdirirdi.

İllər keçsə də Qərbin metodları, istifadə olunan şəbəkə, oyun qaydaları heç dəyişmir. Abzas Mediadan sonra Azərbaycan ictimai rəyinə əsas təsir vasitəsi kimi Azadlıq radiosunu və Toplum TV-nin imkanlarını səfərbər edənlər bu dəfə seçki prosesinin gözdən salınması üçün xüsusi layihəyə start veriblər. Ümid edirlər ki, hazırladıqları “sürprizlər” Azərbaycan ictimaiyyətini ayağa qaldıraraq, bu olmasa da, Qərbin Azərbaycana yönəlik tənqidlərinə yol açacaq.

Beləliklə, hazırda qalmaqallı jurnalist kimi məşhurlaşmış Xədicə İsmayılovanın rəhbərlik etdiyi Toplum TV-nin örtüyündən istifadə etməklə və Bakı Jurnalistika Məktəbi adlanan bir qurum vasitəsilə təxribatçı gənc jurnalistlər qrupu formalaşdırılır. Gənclərə multimedia sahəsində təlimlər keçirilir, onlara yerlərdən materiallar hazırlamaq və sosial mediada yaymaq bacarıqları öyrədilir. Əsas hədəf qarşıdan gələn seçkilərdir. Bu qrup seçkilər günü məntəqələrdə çəkilişlər apararaq gözə dəyən azacıq neqativləri belə qeydə götürəcək, sonra isə böyük başlıqlar və uyğun şərhlərlə sosial şəbəkə profillərində yayacaqlar. Təbii ki, sonrakı mərhələdə də bu videolar Qərb mediasına ötürüləcək və Azərbaycanda keçirilmiş seçkilər haqqında lazımi rəyin formalaşdırılmasına başlanacaq.

Qeyd edək ki, buna bənzər layihə 2020-ci il parlament seçkilərində də sınaqdan çıxarılmışdı. Həmin dövrdə birdən birə sosial mediada “seçki pozuntusu” adı altında təqdim olunan kadrlar diqqəti cəlb etməyə bilməzdi. Baxmayaraq ki, ciddi faktlar tapa bilmədiklərinə görə, əsasən əvvəlki seçkilərdə yol verilmiş pozuntuları yeniləyib dövriyyəyə buraxırdılar.

Layihənin maliyyə mənbəyi ABŞ-ın USAİD təşkilatı, əsas icraçısı isə Xədicə İsmayılova və Demokratik Təşəbbüslər İnstitutu adlanan qurumun  direktoru  Akif Qurbanovdur. Onların hər ikisinin Qərb fondları və mərkəzləri ilə yaxın təmasları və Qərbin  Azərbaycandakı şəbəkəsinin fəal üzvləri olması çox yaxşı bəllidir. Maddi imkanları kifayət qədər yüksək olan Akif Qurbanov ABŞ və Avropadan aldığı vəsaitlər hesabına malik olduğu mülklərdə ayrı-ayrı redaksiyalara, QHT-lərə yer ayırır  onların maliyyə məsələlərini həll edir. Xədicə İsmayılova isə hələ “Azadlıq” radiosunun Bakı ofisinə rəhbərlik etdiyi dövrdən bu tipli layihələrin həyata keçirilməsi üzrə ixtisaslaşıb. Ona görə də bu tandemin gənclərin başını aldatmaqla, onlara böyük vədlər verməklə yeni təxribat mexanizmini işə salmaq çətinlik yaratmır.

Əslində, bir müddət əvvəl müharibəyə qarşı çıxışları ilə diqqəti cəlb edən “İştirakçılıq evi” də bu qəbildən olan bir layihədir və Xədicə ilə Akifin bu və ya digər şəkildə bu eybəcərliyə də aidiyyəti var. Ermənistanla müharibə zamanı və sonrakı dövrdə gənclərin toplaşdığı bir mərkəz müharibə əleyhinə çağırışlar edir, şəhid ailələrini, müharibə iştirakçılarını tənqid atəşinə tutur və bütün baş verənlərdə Azərbaycanı günahkar çıxarırdılar. “No war”çılar adlanan bu qrupun da USAİD-in maliyyəsi ilə fəaliyyət göstərdiyi və eyni mərkəzdən idarə olunduğu bəllidir. Maraqlıdır, Xədicə İsmayılova müharibə vaxtı öz vətənpərvər postları və çağırışları ilə yadda qaldığı halda, bu tərəfdən də “No war”çılara arxa durur, onlara himayədarlıq edirdi.

Bakı Jurnalistika Məktəbinə gəldikdə, onun təlimlərində iştirak edən “jurnalistlərə” böyük məbləğdə qonorarlar ayrılır, onlara ABŞ-ın Gürcüstanda beyinyuma mərkəzi rolunu oynayan GİPA-da (Gürcüstan İctimai Əlaqələr İnstitutu) təhsilini davam etdirmək, həmçinin Çexiya və Polşa universitetlərində oxumaq istəyənlərə şərait yaratmaq və təhsillərini maliyyələşdirmək vəd olunur.

Əldə etdiyimiz məlumata görə, bu “məktəbdə” təlim keçən gənclərin bir qrupunun Bosniya və Hersoqovinaya səfəri də təşkil olunub. Orada onlar peşəkar təlimlərdə iştirak ediblər, rəngli inqilabların incəlikləri, hər hansı bir prosesə müdaxilə etmək və ictimaiyyətdə onun haqqında yanlış təsəvvür formalaşdırmaq metodları ilə tanış olublar.

Artıq məktəbin əsl fəaliyyəti, orada təlim keçən gəclərin kimliyi bəllidir. Lakin bu gənclər kimlər tərəfindən idarə olunduqlarını və hansı oyunun iştirakçısı olduqlarını, deyəsən,  hələ başa düşməyiblər. Eləcə də bu gənclərin valideynləri övladlarının necə təxribatçı ssenarinin iştirakçısı olduqlarını bilirlərmi? Yəqin ki yox. Amma bu işlə yaxından maraqlanmaq və gənclərimizi bu yoldan çəkindirmək hələ də gec deyil.

Oxu.az