BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı metrosunda fəaliyyət göstərən könüllülər “Koroğlu, “Nəriman Nərimanov”, “Gənclik”, “28 may”, “Sahil”, “İçərişəhər”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında dayanır.
“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə bildirib.
“COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında 100 könüllü seçilib. Onlar təlim keçib və təlimatlandırılıb. Bu layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin məmnunluğunu, habelə COP29 iştirakçılarının metro nəqliyyatından rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir. Könüllülər noyabrın 22-dək növbəli rejimdə fəaliyyət göstərəcəklər”, – deyə o qeyd edib.
Rəis müavini əlavə edib ki, könüllülər əcnəbi, eləcə də metrodan az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı məlumatları təqdim edəcəklər: “Onların əsas fəaliyyətinə metrodan istifadə, o cümlədən sərnişinlərin vəzifələri, hüquqları və qadağalar, gediş haqqının əldə edilməsi və ödənilməsi, habelə digər qaydalar barədə zəruri məlumatların verilməsi daxildir. Bundan savayı, müraciət edənlərin paytaxtın zəngin mədəni irsi, xüsusən də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətləndirmə vasitələri könüllü proqramının tərkib hissəsidir. Könüllülərin daha səmərəli fəaliyyətini təmin etmək, həmçinin stansiyalara daxil olan sərnişinlərin onları daha rahat müəyyən edərək yaxınlaşması məqsədilə qeyd edilən stansiyalarda məlumat köşkləri yerləşdirilib”.
Metro rəsmisi diqqətə çatdırıb ki, bütün dövr ərzində könüllülər metropoliten əməkdaşları ilə vahid komanda kimi çalışaraq zəngin təcrübə toplayacaq və onların metropolitenlə daha yaxından tanış olmasına, gələcək karyera yüksəlişində bu məlumatlardan istifadə etməsinə şərait yaradılacaq.