Bakı-Moskva yaxınlaşması:” Azərbaycanın maraqları təmin olunmayan yerdə…”- ŞƏRHbackend

Bakı-Moskva yaxınlaşması:” Azərbaycanın maraqları təmin olunmayan yerdə…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Rusiyaya müharibə elan etməlidir? Bu, çox yanlış təfəkkürdür. Rusiya Azərbaycanın şimal qonşusudur və Ukrayna ilə müharibədə tutduğu mövqeyindən aslı olmayaraq Azərbaycandan qat-qat güclüdür. Azərbaycan da bu yanaşma ilə Rusiyanı özünün iqtisadi tərəfdaşı sayır. Rusiya ilə ticarət əlaqələrinin qurulmaması üçün BMT TŞ-nın hər hansı bir sanksiyası yoxdur. Ona görə də kimsə Azərbaycanı Rusiya ilə iqtisadi-ticari əlaqələr qurduğuna görə qınaya bilməz. İkinci bir tərəfdən isə Azərbaycanın qərb dövlətlərinin hər hansı biri qarşısında belə bir öhdəliyi yoxdur ki, onların atacağı addımı müdafiə etsin”.

Bu sözləri Editor.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan son dövrlər Rusiya-Azərbaycan yaxınlaşması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanın xarici siyasi kursunu həmahəng edə biləcək yeganə dövlət Türkiyədir:

“Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsində bu məsələlər nəzərə alınıb. Türkiyə də, Azərbaycan da beynəlxalq hüquq çərçivəsində Rusiya ilə müəyyən əlaqələr saxlayırlar. Rəsmi Bakı Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları müharibə adlandırır və bu müharibənin dayanmasına bütün imkanları ilə diplomatik cəhdlər göstərir.

2022-ci ilin fevralın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu müqavilə çərçivəsində də Azərbaycanla Rusiya arasında münasibətlər tənzimlənir. Beynəlxalq sistemdə dövlətlərarası münasibətlər müqavilələrlə tənzimlənir. Odur ki, Rusiyanın Azərbaycanla, Azərbaycanın Rusiya ilə münasibəti bəlli sənədlərə əsasən həyata keçirilir. Rusiya ilə Azərbaycan münasibətləri həm də ona görə vacibdir ki, Rusiyada çoxlu sayda müsəlmanlar, azərbaycanlılar və türklər yaşayır. İki dövlət qonşuluq münasibətləri çərçivəsində bir-birinə lazımdır və bir-birinin maraqlarına uyğun hərəkət etməlidir. Bu fəaliyyət isə müqavilələrdə təsbit olunub. Zamanında Rusiya Azərbaycana qarşı xeyli pisliklər edib, hətta Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı  motoatıcı alayı birbaşa iştirak edib. Azərbaycan tərəfi Rusiyanın bu hərəkətlərini heç bir zaman unutmur. Ancaq hər bir halda Azərbaycan öz iqtisadiyyatını gücləndirmək üçün qonşularla normal münasibətlər saxlamalı, öz maraqlarını başqa ölkələrin xarici  maraqlarına qurban verməməlidir. Belə ki, bu konteksdə Azərbaycan həm Qərb ölkələri, həm də Çin, Yaponiya, Rusiya, ərəb ölkələri  ilə öz iqtisadi-ticari əlaqələrini davam etdirir.”

S. Soltanın sözlərinə görə, Bakı-Moskva, Əliyev-Putin yaxınlaşmasının kökündə ilk növbədə qanunlar çərçivəsində ölkə maraqları dayanır:

” Azərbaycanın maraqları təmin olunmayan yerdə belə yaxınlaşmadan söhbət gedə bilməz. Eləcə də Prezident İlham Əliyev Azərbaycanın maraqları təmin olunmayan yerdə Vladimir Putinlə razılaşmaz. Bu açıq şəkildə ifadə edilməsə də zaman-zaman rəsmi Bakının hərəkətlərində özünü göstərir. Xüsusən Azərbaycanın davranışı Ukrayna məsələsində açıq-aydın özünü göstərir. Rəsmi Bakı əvvəldən bu günə qədər Ukrayna ərazilərinin ilhaq olunduğunu deyir. “İlhaq” isə işğaldan sonrakı dövrdə özünə birləşdirmə prosesidir. Bu isə o deməkdir ki, Azərbaycan tərəfi bəyan edir ki, Rusiya Ukrayna ərazilərini işğal edib sonra da onu özünə birləşdirib”.

//Gülnarə Abasova, Editor.az