Nazirlər Kabineti iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib. Azərbaycan Hava Yolları (AZAL) şirkətindən bildirilib ki, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.
Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətləri bahalaşaraq 60 manat məbləğində müəyyən edilir.
Məsələ ilə bağlı fikirlərini Editor.az-a bölüşən iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki, dövlət şirkətlərinin hər hansısa güzəştlərdən istifadə etməsinin tərəfdarı deyil:
” İllər boyu AZAL şirkəti Bakı-Naxçıvan reysindən müxtəlif subsidiyalar adı altında istifadə edərək dövlət büdcəsini mənimsəməklə məşğul olub. Güzəştləri aradan qaldırmaqdansa verilən qiymət maya dəyərinə uyğunlaşdırılmalıdır. Bazar iqtisadiyyatı liberal bazar dəyərləri də bunu tələb edir. Belə olduqda Naxçıvan sakinlərinin də alternativ maşurutlardan istifadə etmək imkanı var. İndiyədək AZAL bir bölgənin əhalisinə müxtəlif imtiyazların verilməsi adı altında dövlət büdcəsinə ancaq zərər verib. Azərbaycanda onsuz da büdcə nizam-intizamında ciddi problemlər var. AZAL-ın son bir neçə il ərzində dövlət büdcəsinə 2 milyarddan yuxarı zərər verməsi, biletlərin bu qədər yuxarı olması nəticə etibarilə şirkətin yaratmaz idarəetməsinə işarədir. Mən subsidiyalaşmanın, güzəştlərin əleyhinəyəm. Çünki belə nəzarətsiz subsidiyalaşmalar, yardımlar ciddi korrupsiyaya gətirib çıxarır”.
//Gülnarə Abasova, Editor.az

