Bakı Nəqliyyat Agentliyi adı gələndə sürücülərin əsəbləri tarıma çəkilir. Bu kol-kos dibində gizlənib xəlvəti cərimə yazan qurumun müfəttişləri indi ucarlı Ziya Məmmədova və qoçularına rəhmət oxudurlar.
Ona görə ki, Prezidentin nəqliyyat sahəsində islahatlar həyata keçirmək məqsədi ilə yaratdığı BNA özünü heç yarımçıq papaqçılıq səviyyəsində də doğrulda bilmədi.
Əhali və hökumətin gözləntisi BNA-nın yenilikçi, köhnə-külüş, yamaq-yamaq problemlərin həllində rol alacağı idi.
Amma bu gün nə şəhərin parklanması, nə dayanma-durma cərimələrinin əsaslı yazılması, nə nəqliyyatın intellectual idarə olunması sahələrində BNA hansısa nailiyyətə imza atıb.
Çünki Ziya Məmmədov dövründən qalan problemlər illərdir BNA tərəfindən həllini tapmır; dayanacaqlarda monitorlar işləmir, şəhərdə parklanmanın təşkili heç yarımçıq da olsa təmin edilməyib, əksinə, qanunsuz yer pulu alınması halları davam edir, paralel isə eyni ərazilərdə BNA işçiləri əsassız, gizlincə cərimələr yazırlar. Bu da həm kütləvi narazılıq yaradır, üstəlik, pandemiya dönəmində, həm də BNA-nı gözdən salır.
Sürücülər şikayət edirlər ki, yaşıl jiletlilərin pul yığdığı yerlərdə hər gün bu qanunsuzluq müşahidə olunur, BNA onlara bata bilmir, əvəzində isə qurumun müfəttişləri xəlvəti cərimə yazıb aradan çıxırlar və yenə də həmin massivdə maşınlar park edir.
O zaman bunun harası qanunsuz pul yığımı ilə mübarizə oldu? Bəs hansı əsasla sürücülər cərimələnir? BNA həmin küçələrdə alternativ yer təklif edirmi?
Onlar qurumun ərazi üzrə əməkdaşlarına gündəlik 20-25 manat ödəyirlər və istədiyi qədər avtomobillər ərazidə park edir, cərimə yazılmır.
Qanunsuz pul yığanlar isə gündəlik qazancın 25 manatını BNA işçilərinə verir, yerdə qalanını isə özləri ilə himayədarları arasında bölürlər. Vəssalam, bu da Vüsal Kərimlinin fəaliyyətinin gəlib çıxdığı ortaq məxrəc.
Şəhərdə indiyə qədər normal parklanma təşkil olunmayıb, illər ötür, zaman keçir, şəhərin parklanma problemi getdikcə dərinləşir, acınacaqlı vəziyyət yaranır.
Əgər tədbir görülsəydi, bir gün içində hamın adamları uzaqlaşdırardılar. Həmin ünvanları BNA rəhbərliyi və əməkdaşları gözəl tanıyır.
Deməli, bu işdə maraqlı deyillər. Bu da azmış kimi, parklanma fəlakəti yaşandığı halda digər tərəfdən V.Kərimlinin “quldurları” gizli şəkildə gəlib maşınları çəkir, cərimə yazırlar.
Məsələn, “Memar Əcəmi” metrosu ətrafındakı mağazalarla əhatələnmiş küçədə hər axşam, işdən sonra, qaranlıqda BNA müfəttişləri gizlicə dayanma-durma cərimə yazıb aradan çıxırlar. Bu da onların evinə çörək aparmağının “kişi” yolu…
Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Üstəlik də hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir.
Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalmış, insanlarımız yoxsullaşmış, məşğulluq səviyyəsi də aşağı düşmüşdür.
Digər tərəfdən ölkə Prezidentinin rəhbərliyi altında 44 günlük savaşda qazanılan qələbə üçün də imkanı çatan hər bir vətəndaşımız canı ilə, qanı ilə, malı ilə böyük fədakarlıq göstərmişdir.
Lakin BNA-nın əməlləri bununla yekunlaşmır.
//tia.az

