Bakı Şəhər Mədəniyyət İdarəsinin sektor müdiri əmək müfəttişliyinə şikayət edən müəllimi hədələyib? – FOTObackend

Bakı Şəhər Mədəniyyət İdarəsinin sektor müdiri əmək müfəttişliyinə şikayət edən müəllimi hədələyib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Mədəniyyət İdarəsinin sektor müdiri Səbinə Məmmədova əmək müfəttişliyinə şikayət verən müəllimi qızının da işdən çıxarılacağı ilə hədələyib.

Bu barədə “Cebhe.info” -ya idarənin tabeliyindəki mədəniyyət qurumundan işdən ayrılan rəsm kursunun rəhbəri Müslüm Əzimov məlumat verib.

Nazirlik hərəkətə keçdi: “Araşdırma...” - FOTOLAR

Belə ki, Müslüm Əzimov Əmirov adına Mədəniyyət Sarayının direktoru Leyla Süleymanlıya martın 1-dən işdən çıxmaqla bağlı ərizə versə də, o ərizəni imzalamayacağını və işdə qalmalı olduğunu bildirib.

Müslüm Əzimovun sözlərinə görə, o bundan dərhal sonra Mədəniyyət Nazirliyinə şikayət verib və gəlib öz xidməti otağını boşaldıb. Şikayətdən iki həftə sonra ona zəng ediblər ki, gəlib əmək kitabçasını götürsün. Kitabça isə ona boş şəkildə təhvil verilib.

Son iş ayının əməkhaqqısı işdən çıxmağından 1 ay keçməsinə baxmayaraq, hələ də ödənilməyib. İşlədiyi vaxtlarda da maaşı 2-3 aydan bir kartına köçürülürmüş.

Bununla bağlı zərərçəkən M.Əzimov martın 29-da əmək müfəttişliyinə izahat verib. Elə izahatdan yarım saat sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova ona zəng edərək idarəyə dəvət edib.

 

Müslüm Əzimov sözlərinə görə sektor müdiri onunla əvvəlcə xoş danışıb:

 

“Mənə bildirdi ki, indi Əmirov adına Saray da daxil olmaqla, bir çox mədəniyyət evlərində kurslar əldən-ələ prinsipi ilə işləyir və ona görə də müəllimlərin çoxu kartla maaş almır. O, vurğuladı ki, əvvəlcədən ona yaxınlaşsaydım, mənə də bu cür işləməkdə kömək edərdi. Mən isə Səbinə xanıma söylədim ki, daha bu idarədə işləmək istəmirəm. Mənim son əməkhaqqımı da verin, çıxıb gedim.

Səbinə xanım bundan sonra məni aparıb rəislə görüşdürdü. İbrahim Əliyev də mənimlə yaxşı danışdı. Söylədi ki, idarədən təzəlikcə yoxlama getdiyi üçün bu ara işləri çox olub.Sonra S.Məmmədova mənə söylədi ki, rəisin adına ərizə yazmalıyam. Mən isə nə yazacağımı soruşdum. Dedi ki, şikayətin geri çəkilməsi ilə bağlı.

Bununla razılaşmadım. Dedi onda yaz ki, idarəylə razılaşıram ki, 1 həftəyə son əməkhaqqım mənə ödəniləcək. Bunu yazıb ərizəni ona verdim. Sonra mənə telefonu verib dedi ki, yığ 142-ə, əmək müfəttişliyinə idarə ilə bağlı verdiyin şikayəti geri götür. Dedim ki, siz mənim pulumu ödəyin, ondan sonra şikayəti geri çəkmək haqqında danışaq. Səbinə xanım mənə xatırlatdı ki, mənim qızım da idarənin tabeliyində olan məktəbdə işləyir  və ona görə şikayətimi geri götürməliyəm.

Mən həmin zaman əslində şikayəti geri götürməyi düşünürdüm, amma qızımı bu məsələyə qatması mənə çox pis təsir etdi və dedim ki, mənim şikayətimə görə qızımı narahat etməməlidirlər.

İdarədən çıxandan sonra gəlib Mədəniyyət nazirliyinə olanlarla bağlı şikayət ərizəsi verdim, lakin nazirlik tərəfindən şikayətlərə baxılmır”.

“Cebhe.info” məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdi.

 

Nazirlikdən bildirildi ki, məsələ ilə bağlı araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.