“Azərbaycanla İran arasında diplomatik münasibətlərin düzəlməsinə ümidlərin artdığı vaxtda Bakı Tehranın bəzi hərəkətlərindən narazıdır. Ancaq buna baxmayaraq bir müddət öncəsinə qədər müqayisədə münasibətlər normallaşmağa doğru gedir. İki ölkə prezidentinin son görüşü də bundan xəbər verir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Ə. Məmmədli bildirib ki, yeni prezident Məsud Pezeşkianın hakimiyyəti dövründə də İran konkret mövqe ilə Azərbaycanın yanında olmayacaq:
“Rəsmi Tehranın İrəvanla münasibətlərini pisləşdirəcəyi gözlənilmir. Ancaq İranın hərəkətlərində Azərbaycana qarşı korrektələr ola bilər. İrandan gözləntimiz odur ki, ərazisindən heç bir silah Ermənistana daşınmasın. Bunun qarşısı birmənalı şəkildə alınmalı, Zəngəzur məsələsində də rəsmi Tehran mənfi mövqeyindən geri çəkilməli, və ya yumşalmalıdır. İran tərəfi artıq istər ruhani, istər hərbi hədə-qorxulara son qoymalıdır. Digər tərəfdən hesab edirəm ki, İranda yaşayan soydaşlarımızın taleyi məsələsi də artıq gündəmdə olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

