İstanbulda Bakı vaxtı ilə saat 13:30-da Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb. Görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dolmabaxçadakı ofisində baş tutacaq.
Agentliyin məlumatına görə, bu görüşdən əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndələri saat 11:45-də danışıqlar aparacaq. Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli bəyan etmişdi ki, mayın 16-da Moskva ilə Kiyev arasında birbaşa danışıqlar istisna deyil. Onun sözlərinə görə, dördtərəfli görüşün keçirilməsi ilə bağlı hələlik yekun qərar yoxdur.
Əvvəlcə Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 15-i cümə axşamına planlaşdırılsa da, günün sonuna qədər baş tutmayıb. Rusiya nümayəndə heyəti cümə axşamı səhər İstanbula gəlib. Ona prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edir. İstanbuldakı ABŞ nümayəndələrinə dövlət katibi Marko Rubio başçılıq edib.
//Samir Qurbanov, Editor.az