Bakı və Madrid: Final təşkilatçılığı vacib idi, yoxsa 6 saatlıq uçuşbackend

Bakı və Madrid: Final təşkilatçılığı vacib idi, yoxsa 6 saatlıq uçuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəhayət, Bakıda keçirilən UEFA Avropa Liqasının finalından təxminən 72 saat sonra UEFA Çempionlar Liqasının da 2018-2019-cu illər mövsümü başa çatdı. Həlledici matçda “Liverpul” və “Tottenhem” klubları üz-üzə gəldi və mersisaydlılar 2:0 hesabı ilə qalib gələrək qitənin ən nüfuzlu klub turnirinin kubokunu başları üzərinə qaldırdılar.

Çempionlar Lİqasının final fitindən sonra hamını dərhal bir fikir düşündürəcək: Tamaşaçı tutumu təxminən eyni olan Bakı Olimpiya Stadionu və Madridin “Vanda Metropolitano” stadionunda baş tutmuş oyunların təşkilati baxımdan müqayisəsində üstünlük kimin tərəfində olacaq?

Bu sualı aktual edən məqamlardan biri “Mxitaryan məsələsi”, eyni zamanda bəzi futbol mütəxəssislərinin, xüsusilə də “Liverpul”un baş məşqçisi Yurgen Kloppun UEFA nümayəndələrini Bakı seçiminə görə ittiham etməsi idi.

Bakı finalının təşkilati işləri ilə əlaqədar geniş yazmağa lüzum yoxdur. Çünki bu final “gözümüzün önündə” baş verdiyindən biz yüksək səviiyəli təşkilatçılığın canlı şahidi olmuş və Avropaya bir Bakı standartı nümunəsi göstərmişik.

İngiltərə Premyer Liqasının nəhəngləri Madridin “Atletiko” klubunun öv oyunlarını keçirdiyi “Vanda Metropolitano” stadionunda baş tutmuş Avropanın ən güclüsünün kimliyinə aydınlıq gətirən görüşün bəzi təşkilati məsələlərinə toxunmaq istərdik.

oyunqabağı ən çox narahatlıq doğuran məsələ saxta bilet satışı ilə bağlı olub. İspaniya polisi Çempionlar Liqasının finalı üçün 2000 saxta məhsul satmaq istəyən 6 şəxsi həbs etdiyini açıqlayıb. UEFA bunun qarşısını almaq üçün “Vanda Metropolitano” stadionunun ətrafında “orijinal biletləri müəyyən edən mütəşəkkil qrup” yaradılmasını tövsiyə edib.

Maraqlı məqam burasıdır ki, saxta biletlərin çoxu Bakı finalına obrazlı şəkildə etiraz edə Yurgen Kloppun komandasının azarkeşlərinə satılıb.

Qeyd edək ki, 68 min tamaşaçı tutumuna malik stadionun biletlərinin 33226 ədədi İngiltərədən gələn azarkeşlərə ayrılmışdı. Avroliqanın Bakı finalında isə saxta biletlərlə bağlı bir fakta belə rast gəlinmədi.

Bütün dünyada xuliqanlıq hərəkətləri ilə ad çıxaran ingilis azarkeşlərin törətdikləri iğtişaşların və onların iştirakı ilə baş verən kütləvi davaların əksəriyyəti futbol ictimaiyyətinə bəllidir. Bakımızdan fərqli olaraq, Madriddə qarşılaşmış ingilis klublarının azarkeşləri arasında oyundan əvvəl və sonra insidentlər yaşanıb.

İspan polisi, ingilis futbol azarkeşlərini “özlərini turist kimi aparmağa” çağırıb. Bundan əlavə, tərəfdarlar arasında toqquşmalarla mübarizə aparmaq üçün əlavə 1300 polis əməkdaşı köməyə cəlb edilib.

 

İspan polis zabiti Xose Ramon Carrasko bunları söyləyib: “Biz onların səs-küylü, xoşbəxt və ya oxumalı olduqlarını başa düşürük. Lakin azarkeşlərin bir-birinə şüşələr atmasını və bir-birilə döyüşə girməsini qəbul edə bilmirik.

Bu problemlə Bakı da qarşılaşa bilərdi. Lakin hər iki komandanın azarkeşlərinə əvvəlcədən iki müxtəlif ərazidə yerlər ayrıldığından və həmin ərazidən ingilis azarkeşlərinin avtobuslarla Bakı Olimpiya Stadionuna daşınması səbəbindən paytaxtımızda ingilis azarkeşlərinin toquşması baş vermədi.

Maraq üçün qeyd edək ki, Bakı finalına etiraz edə Yurgen Kloppun komandasının – “Liverpul”un avtobusu oyunun keçiriləcəyi “Vanda Metropolitano” stadionu yaxınlığında tunelə ilişib. Nə qədər gülməli səslənsə də, Mersisayd təmsilçisi yarım saat tuneldə qalıb.

Lakin Avroliqanın finalı ərəfəsində tıxaclar şəhəri kimi tanıdılan Bakımızda nəinki finalda oynayan komandaların avtobusları, hətta sıravi azarkeşləri daşıyan nəqliyyat vasitələri qısa müddət olsa belə tıxac problemi ilə üzləşmədilər. Bunu şəhərimizdəki ingilis azarkeşlər də müsahibələrində xüsusi olaraq vurğulayırdılar.

Bakıdakı finalda Madriddə yaşananların heç biri baş vermədi, ingilis azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. Yəqin ki, ingilislər baş verən bütün bu hadisələrdən sonra Bakının Madriddən fərqini daha çox hiss edəcəklər.

Sonda Qərbi Avropada UEFA Avropa Liqasının Bakıda keçirilməsinə etiraz edənlərə bu sualla müraciət etmək istəyirik: Bu gecə Madriddə keçirilmiş UEFA Çempionlar Liqasının finalı öncəsi və finaldan sonra baş vermiş problemlərlə üzləşmək yaxşıdır, yoxsa, 6 saatlıq uçuşdan sonra heç bir nöqsanı, problemi, insidenti olmayan Bakıya səfər etmək, şəhərdəki sabitlikdən zövq almaq,finala baxmaq və rahat formada otellərdən aeroporta getmək, oradan isə Avropaya uçmaq.

//Sia