Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P. Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Pərviz Hüseynov paytaxtda 2000-ci ildə 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinini öldürməyə cəhd edib. Onlar həmçinin şəhər sakinlərinə qarşı quldurluq əməlləri törədərək pul alıblar. Digər 3 nəfər həmin il saxlanılaraq barələrində məhkəmə hökmü çıxarılıb.
Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. 2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.
//APA