Yenisabah.az bayram öncəsi yolkaların qiymətlərini araşdırıb.
Müqayisəli yanaşsaq, ötən ilin eyni dövrü ilə müqayisədə yolkaların bahalaşdığını əminliklə deyə bilərik. Ölçü və görünüş kimi nüansları nəzərə aldıqda, qiymətlərdə təxminən 25-30 faizədək artım var. Məsələn, ötən il 1.20 metr ölçüdə olan bayram yolkası ötən bayram öncəsi minimum 90-100 manata satıldığı halda, bu il 150-200 manat arasında dəyişir. Təbii ki, bu qiymət süni (plastik) ağaclara aiddir. Əsl yolkalarda isə 1 metr 50 santimetrədək olan ölçülərin qiymətləri ən az 400-450 manatdır.
Daha hündür yolkaların qiymətləri isə sözün əsl mənasında əl yandırır. Onlayn satış platformalarında 240 santimetrlik ağacın qiyməti 550-800 manat, 500 santimetrlik (5 metr) yolka isə 1800-2000 manat arasında təklif edilir.
Bayram yaxınlaşdıqca qiymətlərin daha da bahalaşacağını proqnozlaşdırmaq olar. Satıcılar və mağaza sahibləri qiymət artımını xaricdən idxal zamanı özünü göstərən bahalaşma ilə əsaslandırır. Mağazaların bir çoxu qiymətlərin ciddi dərəcədə artmasını etiraf edir. Satışda olan yolkalara maraq isə olduqca böyükdür.



