Bakıda kişi arvadını əxlaqsızlıqda ittiham etdi, həyətə gizli daxil olub… – Təfərrüatbackend

Bakıda kişi arvadını əxlaqsızlıqda ittiham etdi, həyətə gizli daxil olub… – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Emil şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı arvadı Vəsiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Editor.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin yanvarın 26-da, təxminən saat 15.50-də baş verib.

Emil həmin vaxt rayonun Mərdəkan qəsəbəsində, Qızılqum bağ massivi, nömrəsiz bağ evinə gəlib, qeyri-rəsmi ər-arvad münasibətlərində əvvəllər yaşadığı Vəsilə ilə aralarında qısqanclıq zəminində münaqişə yaranıb. Münaqişə zamanı Emil Vəsiləni döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ massivi, nömrəsiz evdə tək yaşayır: “20 ilə yaxındır ki, Vəsilə ilə qeyri-rəsmi olaraq ailə qurmuşam. Üç övladımız var. Təxminən 8 aydır ki, həyat yoldaşım Vəsilə məni yaşadığımız evə buraxmır. Bir neçə dəfə aramızda münaqişələrmiz olub. Lakin bu barədə yoldaşım polisə müraciət etməyib. Vəsilənin əvvəllər kiminləsə münasibəti olmasından şübhələnmişəm. Ona görə də aramızda münaqişələr baş verdi. Bu səbəbdən evdən çıxdım və başqa bir yerdə tək yaşayıram. Sonradan həmin məsələyə aydınlıq gətirmişəm və hazırda onun haqqında şübhəm olmadığını bildirmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə hadisə baş verən günü, təxminən saat 15.50-də uşaqlarını görmək üçün onların yaşadığı evə gedib: “Qapıdan həyətə daxil oldum. Uşaqlarımın hal-əhvalı ilə maraqlandım. Uşaqlarımdan analarını soruşdum. Bu zaman Vəsilə evdən çıxan kimi məni nalayiq ifadələrlə təhqir etdi, mənimlə mübahisə etməyə başladı. Mətbəxdən baltanın taxta materialdan olan sapını götürərək üstümə hücum etdi. Balta sapını zorla yoldaşımdan almaq istəyərkən həmin balta sapı onun sol qoluna və sol ayağına dəydi. Vəsilə əsəbləşərək üstümə gəldi. Bu zaman qapını örtmək istədim, onun sol qolu qapının arasında qalaraq xəsarət aldı. Balta sapını onun əlindən almağa nail oldum. Həmin balta sapını əlindən alarkən pəncərənin şüşəsinə dəydi və şüşə sındı. Həmin vaxt Vəsilənin barmağı kəsildi və qan axmağa başladı. Bunu belə gördükdə isə oradan uzaqlaşdım”.

Zərərçəkmiş Vəsilənin sözlərinə görə, son yeddi aydır Emildən ayrılıb və onunla birgə yaşamır: “Son illər çox vaxt evə sərxoş halda gəldiyi üçün səbəbsiz qısqanclıq zəminində aramızda münaqişələr yarandı. Münaqişə zamanı məni nalayiq ifadələrlə söyüb, təhqir etdi. Birgə yaşadığımız müddətdə aramızda baş vermiş münaqişələrlə bağlı polisə şikayət etməmişəm”.

Zərərçəkmişin sözlərinə görə, sonuncu dəfə yanvarın 26-da, təxminən saat 15.50-də Emil Mərdəkan qəsəbəsində yaşadığı evin hasarından həyətə daxil olub: “Mənə “əxlaqsız”, “pozğun” deyərək təhqir etdi. Taxta parçası ilə üzərimə hücum edərək sol qoluma və sol ayaq nahiyyəmə vurdu. Evimin pəncərəsinin şüşəsini sındırdı”.

Emil tərəfindən Vəsiləyə vurduğu ziyanın tam ödənilməsi, zərərçəkmişin onunla barışması nəzərə alınıb.

Onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.