Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb, yaralılar var – YENİLƏNİB + FOTO/VİDEObackend

Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb, yaralılar var – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

Oxu.Az xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

Həmin kranın “Qaranti inşaat” şirkətinə məxsus olduğu bildirilir.

15:31

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

15:04

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması nəticəsində bir nəfər kişi ölüb.

14:46

Paytaxtın Azadlıq prospektində kranın doqquzmərtəbəli binanın üzərinə aşması nəticəsində yaralananların və ölənlərin olduğu bildirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın altında musiqi məktəbi yerləşir. Hazırda hadisə yerinə FHN və dörd ədəd təcili tibbi yardım maşını cəlb olunub.

Binanın həyətində 10-a yaxın avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində hələlik bir nəfərin öldüyü təsdiqlənib.

14:26

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Şahidlərin Report-a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.