Bakıda qız söhbətində qan düşdü: məktəbin yanında… – FOTObackend

Bakıda qız söhbətində qan düşdü: məktəbin yanında… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət işi

Qısa arayış…

2020-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilir. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

Araşdırma zamanı məlum olur ki, hadisə  80 nömrəli orta məktəbin yanında baş verib. Hadisəni törədən Lənkəran şəhər sakini, Qaraçuxur qəsəbəsində kirayədə yaşayan Səməd Məmmədzadə saxlanılır.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılan cinayət işi bir aydan sonra istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Səməd Məmmədzadə Məhəmməd Əzimovun 2020-ci ilin sentyabr ayının ortalarında qardaşı Sadiq Məmmədzadənin ünvanına söyüşlər işlətdiyini öyrənib. Buna görə, əsaslı səbəb olmadan onu öldürmək istəyib. Ayın 25-də saat 19 radələrində söhbət etmək üçün 80 nömrəli orta məktəbin yanına gəlib. Qardaşının ünvanına işlətdiyi ifadələrlə bağlı aralarında baş vermiş mübahisə zamanı bıçağı çıxarıb. Məhəmmədin qəflətən ayağının büdrəyərək arxası üstə yerə yıxılmasından istifadə edərək, ona 4 dəfə zərbə vurub. Hadisə yerinə gələn Mehrac Rəcəbov Səməd Məmmədzadənin qolunu buraraq, zərbələri vurmasına mane olub. Belə olduqda, S. Məmmədzadə bıçağı hadisə yerində ataraq, qaçıb. Zərərçəkmiş vaxtında xəstəxanaya çatdırılır. Orda ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunur.

İş üzrə dindirilmiş Səməd Məmmədzadə bildirib ki, Məhəmməd Əzimovu öldürmək məqsədi ilə deyil, özünü müdafiə etmək üçün bıçaqlayıb:

“Sentyabrın 25-də ad günüm olduğu üçün qardaşım Sadiqlə saat 13 radələrində Bakıxanov qəsəbəsində yerləşən “Akkordun bina”ları adlanan ünvana gəldik. İlkin, Taleh və Nihat adlı dostlarımla görüşüb birlikdə yaxınlıqdakı çay evinə getdik. Sonra qardaşım və Nihat sağollaşıb, getdilər. Parkda gəzərkən Taleh mənə qonşu məhəllədə yaşayan Məhəmmədin bir neçə gün əvvəl Sadiqi söydüyünü bildirdi. Buna qədər Məhəmmədi tanımırdım. Talehin danışdıqlarından öyrəndim ki, o, məhlədə bir qədər uca səslə danışıb Sadiqlə zarafatlaşarkən Məhəmməd yaxınlaşıb, qardaşıma iradını bildirib. Saat 18:30-da bunu aydınlaşdırmaq üçün Taleh və İlkinlə birlikdə Məhəmmədgilin həyətinə yollandım. Məhləyə daxil olanda Əzimovun skamyada əyləşdiyini gördük.

Özümü təqdim edib, hansı səbəbə görə qardaşımın ünvanına söyüş söydüyünü soruşanda, Məhəmməd cavabında düz elədiyini dedi. Mənimlə kobud danışdı. Mən də. Əzimova məktəbin yanında olan qəbristlanlığa getməyi təklif etdim. Məhəmməd razılaşdı və biz 80 nömrəli orta məktəbin sağ tərəfindəki zibillik sahəyə gəldik. Orda əlbəyaxa olduq, boyca hündür olduğum üçün Məhəmmədin atdığı təpik zərbəsi sinəmə dəydi. Zərbədən sonra bir qədər geri çəkildim və gödəkçəmin sağ cibindən bıçağı çıxardım. Əzimov üstünə gələrək, bıçaq olan əlimi tutdu və başı ilə sifətimə zərbə vurdu. Onun başı zibil qablarının əhatə olunduğu hasara dəydi. Əsəbləşib onu itələdim və ayağının büdrədiyini görüb bıçaqla qarnına 2-3 dəfə zərbə vurdum ki, məndən əl çəksin. Tanımadığım oğlanın yaxınlaşdığını gördüm. Növbəti zərbələri endirmədən bıçağı atıb hadisə yerindən qaçdım. Bir qədər gəzişdikdən sonra yenidən hadisə yerinə qayıtdım. Lakin ətrafda heç kim yox idi. İstifadə etdiyim bıçağı hadisə yerindən götürüb evə gedərkən, onu  tulladım. Qorxduğum üçün ailə üzvlərimə cinayət törətməyim barədə məlumat vermədim. Yalnız qardaşıma Məhəmmədi bıçaqladığımı dedim. Sonra polis əməkdaşları yaşadığım ünvana gəlib, məni 13-cü bölməyə apardılar”.

Səməd Məmmədzadə əlavə edib ki, dava ikisinin arasında baş verib. Taleh və İlkin arxalarınca gəlsələr də, hadisəyə müdaxilə etməyiblər. Kənardan dayanıb baş verənləri müşahidə ediblər.

Zərərçəkmiş Məhəmməd Əzimov ifadəsində göstərib ki, sentyabrın ortalarında saat 21-22 arası həyətdə olanda, sonradan adlarını öyrəndiyi Sadiq və Taleh adlı şəxslərin dayanıb söyüş söydüklərini, məhlədə yaşayan uşaqların isə onları sakitləşdirməyə çalışdıqlarını görüb:

“Yaxınlaşıb onlara iradımı bildirəndən sonra, həmin şəxslər çıxıb getdilər. Növbəti gün saat 17  radələrində Sadiqlə Taleh yenidən həyətə gələrək, mənimlə görüşdülər. Əyləşib söhbət edərkən, Sadiqə izah etdim ki, məhəllədə söyüş söymək düzgün hərəkət deyil. O da, hər şeyi başa düşdüyünü bildirdi və məndən üzr istədi. Ayın 25-də oturacaqda əyləşib telefonla oynayarkən Taleh yanımda iki nəfərlə həyətə gəldi. Özünü Sadiqin qardaşı kimi təqdim edən şəxs mənimlə söhbət etmək istədiyini dedi. Buna etiraz etmədim. Digər uşaqlarla birlikdə kütlə halında orta məktəbə tərəf hərəkət etdik. Səməd məni Sadiqə ağıl verməkdə günahlandırdı və qəbristanlığa getməyi təklif etdi. Səmədin şalvarının cibindən bıçaq çıxartdığını gördüm və ona qəbristanlığa getməyəcəyimi dedim. Həmin vaxt tək idim. Məmmədzadənin yanında isə dostları vardı. Səmədə bıçağı yığışdırmasını, söhbəti varsa, dayandığımız yerdə edə biləcəyimiz söylədim. Bıçaq Səmədin sağ əlində idi. Özümdən kənarlaşdırmaqdan ötrü təpik atanda, Səməd zərbədən yolun kənarında dayanmış “Mercedes” markalı maşına dəydi. Məmmədzadə bıçağı cibinə qoyub bir daha mənə qəbristanlığa getməyi təklif etdi. Yenə etiraz etdikdə Səməd bıçağı çıxarıb ikinci dəfə məni vurmağa cəhd etdi. Bu zaman sağ əlimlə biləyindən tutub onu başımla vurdum. Həmin vaxt İlkin ya Taleh məni arxadan tutub dartdı və buna görə də zibil yeşiklərinin yanında yerə yıxıldım. Qalxmaq istəyəndə Səməd bıçaqla qarınıma ardıcıl 4 dəfə zərbə endirdi. Bu vaxt dostum Mehrac arxadan Səmədin qolunu buraraq, bıçağı onun əlindən aldı. Hadisə yerinə gələn tanışlarımın köməkliyi ilə özəl klinikaya çatdırıldım. Məni ordan 3 saylı xəstəxanaya apardılar”.

Taleh Hüseynov

Zərərçəkmiş əlavə edib ki, Səməd onu öldürmək məqsədi ilə bıçaqlayıb. Əgər dostu vaxtında müdaxilə etməsəydi, Məmmədzadə ona daha çox zərbə vura bilərdi.

Şahid Sadiq Məmmədzadə bildirib ki, dostu Taleh Hüseynovun tanış qıza görə, Məhəmməd Əzimovun məhəlləsində yaşayan bir nəfərlə mübahisəsi yaranıb:

“Uca səslə danışıb, nalayiq ifadələr işlətdiyimiz üçün Məhəmməd yaxınlaşdı. Həyətdə mübahisə etməməyimizi və səs-küyə son qoymağımızı tələb etdi. Sakitçilik olsun deyə, ona cavab qaytarmadım və Talehi götürüb ordan uzaqlaşdıq. Sentyabrın 25-də axşam evə qayıdarkən doslarım mənə zəng vurub, qardaşım Səmədin kimisə bıçaqladığını xəbər verdilər. Evə qayıdanda Səməd Məhəmmədi bıçaqla vurduğunu bildirdi. Sonradan polis əməkdaşları gəlib hər ikimizi bölməyə apardılar. Hadisənin hansı şəraitdə baş verdiyini şəxsən görməmişəm. Məhəmməd Əzimovun mənimlə kobud danışmasını, hadisə baş verən gün qardaşıma Taleh Hüseynov deyib”.

İş üzrə ittiham aktı

Məhkəmə nəticəyə gəlib ki, Səməd Məmmədzadənin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə düzgün tövsif edilib və o, buna görə qanunla nəzərdə tutulan qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səməd Məmmədzadə (2001-ci il) cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar: