Paytaxtda fəaliyyət göstərən ən böyük heyvan klinikalarından biri olan “Hasvet Bakı Beynəlxalq Heyvan Xəstəxanası”nın fəaliyyəti vətəndaşlarda narazılıq yaradır.
Bu barədə Yenisabah.az-a göndərilən şikayət məktubunda deyilir ki, klinika gələn müştərilərə qiymətlərlə bağlı öncədən heç bir məlumat vermir. Baytarlar yalnız sonda – klinikadan çıxış zamanı sistemə baxaraq qiyməti deyirlər və bu qiymət heç də hər kəsin cibinə uyğun gəlmir:
““Hasvet Bakı Xəstəxanası”nda insanları soymaqla məşğuldurlar. Ev heyvanlarını klinikaya apardıqda hər hansı prosedur üçün qiymət əvvəlcədən deyilmir. Qeydiyyat şöbəsində əyləşən əməkdaşlar qiymətin yalnız sonda – baytar işlərini bitirib bunu sistemə işlədikdən sonra məlum olacağını qeyd edirlər. Sonda kassaya yaxınlaşanda isə elə astronomik qiymət deyirlər ki, adamın əli üzündə qalır.
Bir neçə həftə öncə pişiyimi sözügedən klinikada əməliyyat etdirmişəm. 525 manat ödədiyim əməliyyatdan 3 gün sonra isə baytar əməliyyat sarğısını dəyişdirəcəyini bildirdi, mən də yenidən klinikaya getdim.
Pişiyi əməliyyat edən həkim yaxınlaşaraq sarğını dəyişdi, klinikadan çıxdıqda isə sarğı dəyişməsinə görə məndən 40 manat tələb edildi.
Halbuki buna görə ödəniş alınacağı mənə öncədən bildirilməmişdi. Həmçinin digər prosedurlar zamanı da müştəriyə qiymət deyilmir. Sonda kassada qiyməti deyirlər. Və bu absurd qiyməti necə qoyduqları məlum deyil, çünki pulu alıb müştəriyə heç bir çek vermirlər, yalnız kartla ödəniş etdikdə terminaldan çıxarılan kağızı verirlər”.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, istənilən xidməti göstərən tərəf istehlakçıya (alıcıya) öncədən qiymət barədə məlumat verilməlidir: “Əks halda, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.
Sözügedən heyvan xəstəxanası ilə bağlı bəzən mənə də şikayətlər gəlir.
Məsələn, 3 il öncə bir vətəndaş pişiyini klinakada qoyub, buna görə əlavə pul da ödəyib ki, xəstə heyvanın yanında tibb bacısı qalsın, gecə gəlib yoxladıqda isə məlum olub ki, heyvanın yanında heç kəs yoxdur və ölüb. Alınan məbləğlə bağlı isə həmin şəxsə heç bir qəbz verilməyib.
Bütün hallarda istehlakçılar qiymət barədə, xidmətin keyfiyyəti barədə öncədən məlumatlandırılmalıdır. Bundan başqa, istehlakçıların ödədiyi məbləğ barədə mütləq onlara rəsmi kassa çeki verilməlidir.
Azad İstehlakçılar Birliyinə gələn çoxsaylı şikayətlər sözügedən klinikada xidmət keyfiyyətinin aşağı olduğunu, bu kimi mənfi halların yaşandığını göstərir”.

