Bakıda tarixi binanın fasadını laqunda ilə ağartdığı bildirilən şirkət “tender kralı”na məxsus imişbackend

Bakıda tarixi binanın fasadını laqunda ilə ağartdığı bildirilən şirkət “tender kralı”na məxsus imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tarixi binanın (1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evi) fasadını laqunda ilə ağartdığı bildirilən şirkət – “Vest LTD” “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyevə məxsusdur.

Fevralın 2-də memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyevin yaydığı məlumata görə, Bakıda, Neftçilər prospekti 65 ünvanındakı binanın fasadı laqunda ilə ağardılıb. O, bunu tarixi binaya müdaxilə etmək kimi dəyərləndirib.

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”, – memar “Oxu.az” saytına açıqlamasında qeyd edib.

Fevralın 3-də isə şirkətdən Pravda.az-a bildirilib ki, məsələ ilə əlaqədar podratçı şirkətin mütəxəssisləri və elmlər doktoru, professor, memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib.

 

“Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılmış, cüzi nöqsanlar aşkar edilsə də, binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb. Memar Elçin Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub”, – məlumatda qeyd olunub.

 

Xatırlatma: Təmir işlərini həyata keçirən şirkət 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2050 manatdır, direktoru Verdəliyev Şahin Əlimərdan oğludur. “VEST-LTD” QSC bir çox tenderlərin qalibi elan edilib. Mətbuatda yazılan və indiyədək təkzib olunmayan məlumatlarda qeyd olunur ki, şirkət “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur. 2021-ci ildə Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum olub ki, “iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim “qalib” gəlir. Hacı Ramazanla bağlı yayılan informasiyalardan biri də onun tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz etməsidir. Məsələn, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.