Bakıda uşaqlıqdan arzuladığı prokuror forması ilə gəzən şəxsin əməlləri: Metroda işləyən xanıma aşiq oldu…backend

Bakıda uşaqlıqdan arzuladığı prokuror forması ilə gəzən şəxsin əməlləri: Metroda işləyən xanıma aşiq oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü prokuror kimi təqdim edərək, dələduzluq əməli törətməkdə təqsirləndirilən şəxin cinayət işi üzrə maraqlı təfərrüatlar məlum olub. Həmin şəxs özünə prokuror forması tikdirib, vəsiqə düzəldib. Onun ilk yalanı isə metroda bir xanımla tanış olmaq istəyən zaman üzə çıxıb. Sonradan isə bu yalanlarına davam edib və özünü vəzifəli şəxslərin yaxını kimi təqdim edib.

Söhbət 26 yaşlı Qəhrəmanov Pərvin İftixar oğlunun cinayət işindən gedir.

Qəhrəmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Qəhrəmanov bir nəfəri Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyini, başqa bir nəfəri isə Ali Məhkəmədə olan məhkəmə işini həll edəcəyini vəd edərək aldadıb.

Pərvin Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq orqanı müəyyən edib ki, Pərvin 2020-ci ilin aprel ayında tanışına özünü Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək onda daha da inam yaratmaq üçün yüksək vəzifəli şəxsin köməkçisi kimi təqdim etdiyi “Elçin”lə guya yaxın münasibətinin olduğunu deyib. Həmin münasibətlərdən istifadə edərək onun Ali Məhkəmənin çıxardığı qərarı ləğv etdirəcəyini deyib. Bunun üçün ondan 20 min manat alıb.

Bundan başqa, Pərvin yenə özünü Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin əməkdaşı kimi təqdim etdiyi “Nurəddin” adlı şəxslə yaxın münasibətinin olduğunu deyərək daha bir tanışını aldadıb. Həmin tanışını Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə
düzəldəcəkmiş. Buna görə də ondan 5 min manat pul alıb. Hətta qarşı tərəfi inandırmaq üçün pulu İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasının qarşısında alıb.

Məhkəmədə ifadə verən Pərvin bütün əməllərini səmimi etiraf edib. Qurduğu planların təfərrüatını danışıb.

Azərbaycan Kooperasiya Universitetində təhsil alan Pərvin qeyd edib ki, səhhətinə görə hərbi xidmətdə olmayıb. Bakıda müxtəlif yerlərdə, əsasən daş karxanasında günəmuzd fəhlə kimi işləyib. Bir neçə dəfə müxtəlif dövlət idarələrinə işə düzəlmək üçün müraciət etsə də, işə qəbul edilməyib. Hətta prokurorluq orqanında işləmək üçün də müraciət edib.

Pərvinin uşaqlıq arzusu…

Pərvin ifadəsində bildirib ki, uşaqlıq arzusu prokurorluqda işləmək olub. Bu işə həvəsi çox imiş. Bu arzusunu gerçəkləşdirmək üçün 2017-ci ildə “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən atelyedə özünə prokurorluq işçisinin formasını tikdirib. Buna görə də 260 manat ödəyib.

Pərvin bildirib ki, formanı bir müddət yalnız evdə geyinib: “Sonradan formanı hər yerdə geyinməyə başladım. Ətrafda olan şəxslərin çoxu məni prokurorluq işçisi kimi tanıdılar. Özümü Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin əməkdaşı kimi təqdim edirdim”.

Pərvin ətrafdakıları inandırmaq üçün hər gün səhər işə getmək adı ilə evdən çıxırmış.

Pərvin yalançı prokurorluq işçisi əməlinə görə ilk dəfə 2020-ci ilin fevralında saxlanılıb. Onun “Nəriman Nərimanov” metrostansiyasında çalışan bir xanımdan xoşu gəlib. Buna görə də orada işləyən polis əməkdaşına yaxınlaşıb və özünü prokurorluq işçisi kimi təqdim edib. Öz nömrəsi yazılan vizitkanı polis əməkdaşına verərək xanıma çatdırmasını xahiş edib. Bu zaman polis əməkdaşı ondan şübhələnib. Araşdırma zamanı polis onun prokurorluq işçisi olmadığını bilib.
Bundan sonra İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Geyim forması müsadirə edilməklə Pərvin 400 manat cərimələnib.

260 manat xərclədiyi forması əlindən çıxan Pərvin bundan sonra özünə prokurorluq əməkdaşı olduğunu göstərən vəsiqə düzəltdirməyi planlaşdırıb. Mağazadan qırmızı rəngli, üzərində vəsiqə sözü yazılmış üzlük alıb həmin üzlüyün içinə şəxsiyyət vəsiqəsini qoyub. Həmin vəsiqənin içinə baxmayanlar Pərvinin prokurorluq işçisi olduğuna inanıblar.

Pərvin kirayədə yaşadığı məhəllədəki mağazanı işlədən Xəlilin tanışını ilk olaraq öz toruna salıb.

Xəlilin tanışının Ali Məhkəmədəki işini həll etmək, həm də onun Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan dostunu azad etdirmək üçün 20 min manat alıb.

İşin ən ilginc tərəfi isə Pərvinin guya yüksək vəzifəli şəxsin “Elçin” adlı köməkçisi vasitəsi ilə bu işi həll edəcəyini deməsi olub. Özünün Elçin adlı tərcüməçi dostunu da bu planın bir hissəsi edib.

Belə ki, Pərvin pul aldığı şəxsi Elçinlə görüşə aparıb. Amma Elçinlə özü kənarda görüşüb. Ub Elçin Pərvinin dediyi vəzifəli şəxsin köməkçisi Elçin olmayıb. Pərvin dostu Elçinə sənədləri verəndə deyib ki, tərcümə etsin. Amma pul aldığı şəxsə isə deyib Elçinə sənədləri Ali Məhkəmədəki işi həll etmək üçün verib. Elçin isə bu söhbətdən xəbərsiz olub.

Məhkəmədə məlum olub ki, Pərvin pul aldığı şəxslərə səs göndərən zaman pulları Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işləyən Vüqar adlı şəxsə verdiyini deyib. Amma məhkəmədə bu məlumatın yalan olduğunu təsdiqləyib.

Pərvin Elsevər adlı şəxsi isə Neft şirkətində işə düzəltməık adı ilə aldadıb. Elsevərə deyib ki, bu işi İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyən qohumu – Nurəddin müəllimin köməyi ilə edəcək. Elsevəri götürərək İdarənin qarşısına gələn Pərvin 5 min manatı alıb. İdarəyə daxil olaraq qapıda 5 dəqiqə gözlədikdən sonra geri qayıdıb və pulu Nurəddin müəllimə verdiyini söyləyib.

Pərvin vədlərini yerinə yetirməyib və uzun müddət həmin şəxsləri müxtəlif bəhanələrlə aldadıb. Bundan sonra onun barəsində hüquq mühafizə orqanlarına şikayət edilib.