Bakıdan növbəti təklif: Ermənistan nə cavab verəcək?-AÇIQLAMAbackend

Bakıdan növbəti təklif: Ermənistan nə cavab verəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mart ayının 1-də Azərbaycan 10 noyabr bəyanatından sonra diplomatiya sahəsində ən böyük uğurlardan birinə imza atdı. Qarabağdakı erməni əsilli vətəndaşlarla Azərbaycanın xüsusi nümayəndələri arasında Xocalı şəhərində ikitərəfli görüş keçirildi. Bu, həmin erməni əhalinin ölkəmizə reinteqrasiyası istiqamətində ən düzgün addımlardan biri idi. Bununla da bu günə qədər Ermənistan və havadarları tərəfindən ölkəmizə qarşı həyata keçirilən təzyiq istiqamətlərindən birini əllərindən almış oldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklif Nikol Paşinyan hakimiyyətinin göstərişi ilə baş tutmadı:

“Azərbaycan səbr, təmkin nümayiş etdirərək Qarabağ icmasının nümayəndələri ilə yenidən Bakıda görüşün keçirilməsini təklif edib. Bu, çox düzgün qərardır. Yaxın vaxtlarda bu istiqamətdə geridönüşü mümkün olmayan proseslərin şahidi olacağıq. Bu proses Qarabağdakı dinc sakinlərin tədricən Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə yekunlaşacaq. Bu günə qədər Ermənistanın sərgilədiyi destruktiv mövqe onu göstərir ki, İrəvan və havadarları indiki şərtlər daxilində ölkəmizlə danışıqlar aparmaqda maraqlı deyil”.

Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsinin nəticəsi məlum olduqdan sonra Ermənistanın rəsmi Bakı ilə daha uyğun şərtlər altında danışmaq imkanı formalaşa bilər:

“Eyni zamanda, Türkiyədə prezident seçkiləri nəticəsində hakimiyyət dəyişikliyi baş verərsə, Qərb, Amerikanın oyuncağı olan hakimiyyət formalaşarsa, Türkiyə Azərbaycana mövcud dəstəyini davam etdirməyəcək və Ermənistanın maraqlarına uyğun şərtlər altında danışıqların aparılması lazım gələcək. Azərbaycan ordusunun son vaxtlarda ard-arda keçirdiyi uğurlu əməliyyatlar onu deməyə əsas verir ki, biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Ermənistanda bəzi revanşist qüvvələr yeni müharibə ehtimalından danışırlar. Ona görə də Qarabağa silah daşınmasını intensivləşdirirlər. Lakin burada unudulan məqam odur ki, uzun illər ərzində “məğlubeliməz ordu” mifini formalaşdırdıqları Ermənistan ordusunu Azərbaycan 44 gün müddətində məhv etdi “.

//Safura Bənnayeva, Editor.az