Bakının bu ərazisində kirayə mənzillər 5000 manatdır – Səbəb bu imiş…backend

Bakının bu ərazisində kirayə mənzillər 5000 manatdır – Səbəb bu imiş… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər paytaxtın kirayə mənzil bazarında ardıcıl bahalaşma müşahidə olunur. Ümumi nəzər yetirdikdə, Bakının əraziləri arasında kəskin qiymət fərqi özünü göstərir. Hazırda paytaxt ərazisində ən yüksək qiymətə təklif olunan kirayə mənzillər “İnqlab” kimi tanınan Həsən Əliyev küçəsində, “Gənclik” və “28 May” metrostansiyalarının ətrafındakı yenitikili binalardadır. 

Yenisabah.az kirayə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Müşahidələrimizə əsasən, sözügedən ərazilərdə təklif olunan kirayə evlər otaq sayına, ölçü və təmir vəziyyətinə görə 600-700 manatdan, 2500-5000 manatadək dəyişir. Qiymətləri fərqləndirən digər bir xüsusiyyət isə mənzilin olduğu binanın yerləşdiyi ərazi, onun mühafizəsi və kommunal təminatlarla bağlıdır. Ən əsas nüans isə, bu ərazidə yerləşən ali təhsil müəssisələri ilə bağlıdır. Belə ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Univeristeti, Bakı Slavyan Univeristeti məhz bu ərazidədir. Bu isə kirayə mənzil bazarında tələbatı daha da artırır.

Müşahidələrimiz də onu göstərdi ki, burada qiymətlərin yüksək olmasını şərtləndirən əsas nüanslardan biri də məhz bu ərazidə kirayə ev tutan tələbələrdir. Məsələn, Həsən Əliyev küçəsində yerləşən yenitikili binalardan birində 65 kvadratmetr sahəsi olan 2 otaqlı, tam təmirli mənzil 800 manata, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən 5 otaqlı 160 kvadratmetr sahəsi olan orta təmirli mənzil isə 5000 manata təklif olunmaqdadır.

Köhnə tikililərə gəlincə, ənənəvi olaraq “beşmərtəbə” və “doqquzmərtəbə” kimi tanınan sovet dövrünə aid binalarda yerləşən mənzillər 500-1000 manat arasındadır. Bu tip binalarda başlıca kriteriya metro və digər nəqliyyat vasitələrinə çıxışın yaxınlığı ilə bağlıdır. Bu mənzillərə ən çox tələbələr müraciət edir. Digər tərəfdən, kirayə təklif olunan mənzilin təmir dərəcəsi qiymətə ciddi təsir göstərir. Hazıda daşınmaz əmlakın bu seqmentində olan kirayə mənzillər daha çox “28 May” metrosu və Azərbaycan Tibb Universitetinin ətrafındadır.

Nəticə etibarı ilə, sadaladığımız ərazilərdə kirayələrin qiyməti yüksək olsa da, tələbat da çoxdur. Burada təklifi tələb formalaşdırır.