“Baltikyanı müdafiə xətti” layihəsi üzərində işlər başlayıb: Növbəti hədəf bu ölkələrdirbackend

“Baltikyanı müdafiə xətti” layihəsi üzərində işlər başlayıb: Növbəti hədəf bu ölkələrdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Estoniya, Latviya və Litvanın Rusiya və Belarusla sərhədlərinin gücləndirilməsini nəzərdə tutan “Baltikyanı müdafiə xətti” layihəsi üzərində praktik olaraq işə başlamaları bu ölkələri yaxın gələcəkdə gözləyən Rusiya təhdidinin nə qədər real oldugunu göstərən başlıca faktordur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Rusiya sovetlərin dağılmasıyla Şərqi Avropada itirdiyi təsir zonalarını yenidən bərpa etməyə çalışır və çalışacaq:

“Ukrayna savaşında əsas hədəf Qara və Azov dənizlərində hegamoniyanı ələ keçirməkdirsə, Baltikyanı ölkələrə ehtimal hücum da Baltik dənizində yenidən güclənmək, Kalininqrad vilayəti ilə vaxtilə itirilmiş quru yolunu təkrar bərpa etmək niyyəti güdür. Rusiya hələ I Pyotr zamanında Baltik dənizinə çıxış əldə etmək üçün başda İsveç olmaqla Avropa ilə uzunmüddətli 21 il savaşmış və məqsədinə nail olmuşdur.

Qeyd etdiyimiz kimi, SSRİ-nin dağılması ilə Rusiya Kalininqradla ana materiki birləşdirən quru yola nəzarəti itirdi, Ukrayna savaşından sonra isə bu yol tamamilə bağlandı. Avropalı siyasi strateqlər əbəs yerə Kalininqradı “Avropanın kürəyinə saplanmış xəncər” deyə tərif etmirlər. Rusiya Kalininqradı tamamilə hərbiləşdirib və ən güclü dəniz donanması da məhz Baltik dənizindədir. Məsələ ondadır ki, Kalininqrada gedən yol məhz Litva-Polşa sərhəddində yerləşən və təxminən yüz kilometrlik uzunluğa malik “Suvalki koridoru” deyilən ərazidən keçir. Rusiya gözünü bu dəhlizə dikib. Ruslar bu koridoru ələ keçirdiyi an Baltikyanı ölkələrlə Avropanın bütün bağlantıları tamamilə kəsilir və Rusiya qarşısında müdafiəsiz bir duruma düşmüş olurlar. Latviya, Litva və Estoniyanın həyacan təbili çalmalarının əsas səbəbi də budur. Rusiyanın tarixi keçmişi və bu günkü planları deməyə əsas verir ki, bu hərbi təcavüzün çox da uzaq olmayan tarixdə baş verməsi real görünür”.

//Gülnarə Abasova, Editor.az